image-ehali1backend

Bu sahələrə tələbat artacaq – AÇIQLAMA

Hazırkı əmək bazarının dinamikasını nəzərə alaraq, gələcək 5-10 ildə Azərbaycanda iş imkanlarının daha çox artacağı sahələr və bu sahələrdə tələb olunan yeni bacarıqlar barədə müxtəlif proqnozlar verilir.

Xüsusilə rəqəmsal texnologiyalar, yaşıl enerji, səhiyyə, logistika və kənd təsərrüfatı sahələrində gözlənilən trendlər diqqət çəkir.

Karyera məsləhətçisi İlkin Mirzəzadə Sfera.az-a açıqlamasında bildirib ki, hazırkı əmək bazarındakı trend göstərir ki, texnologiya, süni intellekt və data analitika kimi peşələrə təlabat getdikcə artır və artmağa davam edəcək. Onun sözlərinə görə, gələcək tamamilə süni intellektin əlində olacaq, insansızlaşdırma prosesi isə sürətlənəcək:

“Yəni, əvvəlki kimi hər hansı peşəni öyrənib 20-30 il həmin sahədə işləmək fikirləri tədricən aradan qalxacaq. Bu isə həm risklər, həm də imkanlar yaradacaq. Məsələn, 20-ci əsrin əvvəllərində maşınların icadı at arabası sürənlərin işsiz qalmasına səbəb oldu, amma fürsətdən düzgün istifadə edənlər yeni imkanlar yaratdılar – maşınlara qulluq, ehtiyat hissələr və digər alt sahələr meydana çıxdı. Bu baxımdan süni intellekt və texnologiyadan qorxmaq lazım deyil, əksinə, onlar yeni peşələr və imkanlar yaradacaq”.

Ekspert qeyd edib ki, xüsusilə rəqəmsal texnologiyalar səhiyyə, kənd təsərrüfatı və logistika sahələrində dominant olacaq, süni intellekt prosesləri isə daha effektiv idarə olunacaq:

“Gələcəkdə eyni sahədə 5 əməkdaş yox, 2-3 nəfər çalışacaq və onlar süni intellekti yaxşı mənimsəyən şəxslər olacaq. Ümumilikdə gələcəkdə insanlar üç kateqoriyaya ayrılacaq: birincisi süni intellekti yaradanlar, ikincisi texnologiyanı yaxşı mənimsəyənlər və dövrə ayaq uyduranlar, üçüncüsü isə dəyişikliklərə dirənənlər. Əvvəl-axır üçüncülər uduzacaq, çıxış yolu isə süni intellekt texnologiyasını öyrənməkdir. 5-10 il ərzində bu proses daha da sürətlənəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki