Bu foto Vətən müharibəsi günlərində, Şuşa istiqamətində aparılan əməliyyatlar ərəfəsində Qarqar çayının yaxınlığında çəkilib. Kadra düşən şəxsi heyət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularıdır. Şəkilin çəkilməsindən cəmi bir neçə dəqiqə sonra Şuşa əməliyyatı başlanacaqdı.
Referans Media xəbər verir ki, həmin əməliyyatla bağlı DİN-in Mətbuat xidməti 2020-ci il noyabrın 8-də Daxili Qoşunların Hadrut qəsəbəsində xidməti-döyüş tapşırıqlarını yerinə yetirən şəxsi heyətinin fəaliyyət istiqamətinin dəyişdirilməsi ilə bağlı tarixi faktları açıqlayıb. Vurğulanıb ki, o gün 500 nəfərdən ibarət heyətə Şuşa şəhəri istiqamətində hərəkət edərək döyüş tapşırığını yerinə yetirmək əmri verilib.
Həmin günün ikinci yarısında, axşam saatlarında 30-a yaxın hərbi avtomobildən ibarət karvan yağışlı hava şəraitində, çətin və sıx meşəlikdən keçən dağ yolları ilə hərəkətə başladı. Döyüşçülər düşmənin diqqətini cəlb etməmək üçün avtomobillərin işıqlarını yandırmadan ay işığında irəliləyiblər.
Gecəyarısı karvan düşmən tərəfindən minaatan atəşinə tutulur və nəticədə 15 hərbi qulluqçu yaralanır. Buna baxmayaraq, şəxsi heyət döyüş tapşırığını dayandırmadan hərəkətini davam etdirib.
Noyabrın 9-u səhər saat 07:30 radələrində Daxili Qoşunların bölmələri Şuşa şəhərinə daxil olub. Onlar ilk növbədə şəhərin müdafiə və mühafizəsinin gücləndirilməsi, eləcə də qarşıya qoyulan digər xidməti-döyüş tapşırıqlarını icra ediblər.
