Buşehr nüvə stansiyasına raket düşdü – İran dünyanı xəbərdar etdi

İran hakimiyyəti Fars körfəzi sahilində yerləşən Buşehr Atom Elektrik Stansiyası ərazisinə raket düşdüyünü açıqlayıb. Məlumata görə, hadisə ABŞ və İsrailin İrana qarşı hücumları ilə gərginliyin artdığı bir dövrdə baş verib.

Referans Media xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatının İctimaiyyətlə Əlaqələr bölməsi bildirib ki, raket stansiyanın ərazisinə düşsə də, obyektin əsas və kritik hissələrinə ziyan dəyməyib. Hadisə nəticəsində ölən və ya yaralananların olmadığı, həmçinin maddi zərərin qeydə alınmadığı vurğulanıb.

Rəsmi açıqlamada qeyd olunub ki, hücuma baxmayaraq stansiyanın fəaliyyəti davam edir və təhlükəsizlik sistemi tam şəkildə qorunur. İran tərəfi nüvə obyektlərinə hücumların beynəlxalq hüquqa zidd olduğunu da xüsusi vurğulayıb.

İran rəsmiləri bildiriblər ki, Buşehr kimi nüvə obyektinə edilən hər hansı hücum yalnız İran üçün deyil, bütün Fars körfəzi regionu üçün ciddi risk yarada bilər. Onların sözlərinə görə, belə addımlar “bərpası mümkün olmayan nəticələrə” səbəb ola bilər.

Ekspertlər də hesab edir ki, nüvə infrastrukturlarının hərbi hədəfə çevrilməsi müharibədə yeni və olduqca təhlükəli mərhələnin başlanğıcı deməkdir. Obyektdə mümkün sızma isə regionla yanaşı qlobal təhlükəsizlik üçün də ciddi nəticələr doğura bilər.

Buşehr Atom Elektrik Stansiyası İranın ilk fəaliyyət göstərən nüvə enerji stansiyası hesab olunur və ölkənin mülki nüvə proqramının əsas elementlərindən biridir. Stansiyanın tikintisinə 1970-ci illərdə Almaniyanın “Siemens” şirkəti tərəfindən başlanıb. 1979-cu il İran inqilabından və İran–İraq müharibəsindən sonra layihə dayandırılıb. Daha sonra Rusiya ilə razılaşma çərçivəsində “Rosatom” şirkətinin dəstəyi ilə tamamlanıb. Stansiya 2011-ci ildə rəsmi olaraq istismara verilib və təxminən 1000 meqavat elektrik istehsal gücünə malikdir.

Buşehr uzun illərdir beynəlxalq təşkilatların diqqətində olan obyektlərdən biridir. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) də bu stansiya üzərində müəyyən nəzarət və monitorinqlər həyata keçirir.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı hərbi əməliyyatlara başlamışdı. İran isə cavab olaraq bölgədə ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrə qarşı raket hücumları həyata keçirmişdi. Qarşılıqlı hücumların davam etdiyi bir vaxtda nüvə obyektlərinin hədəfə alınması dünya ictimaiyyətində narahatlığı daha da artırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki