CHP-də son günlər yaşanan rəhbərlik müzakirələri fonunda adı mümkün prezidentliyə namizədlər sırasında hallanan İlhan Kəsici məsələ ilə bağlı ilk dəfə danışıb.
Referans Media xəbər verir ki, CHP-nin 38-ci Qurultayının məhkəmə qərarı ilə ləğv edilməsindən və Kemal Kılıçdaroğlunun yenidən partiya sədri vəzifəsinə qayıtmasından sonra siyasi kulislərdə müxtəlif iddialar səsləndirilir. Bu iddialardan biri də Kılıçdaroğlunun gələcək prezident seçkilərində İlhan Kəsicini namizəd kimi irəli sürə biləcəyi ilə bağlıdır.
Məsələyə münasibət bildirən İlhan Kəsici diqqəti namizədlik müzakirələrindən daha çox partiya daxilində birliyin qorunmasına yönəldib. O, CHP-nin parçalanmamasının vacibliyini vurğulayaraq bildirib ki, bu məsələdə ən böyük məsuliyyət hazırkı partiya sədri Kemal Kılıçdaroğlunun üzərinə düşür.
Kəsici qeyd edib ki, siyasi partiyalarda baş verən parçalanmalar uzunmüddətli mənfi nəticələr doğurur. O, keçmişdə Ədalət Partiyasında yaşanan bölünməni nümunə göstərərək bildirib ki, həmin proses partiyanın siyasi gücünü zəiflədib və sonradan bu itkiləri bərpa etmək mümkün olmayıb.
Siyasətçi mərhum prezident Süleyman Demirelin illər sonra bu bölünməni siyasi karyerasının ən böyük səhvlərindən biri kimi qiymətləndirdiyini də xatırladıb.
İlhan Kəsici həm Kemal Kılıçdaroğluna, həm də CHP-nin keçmiş sədri Özgür Özəl və onun komandasına dialoq və kompromis çağırışı edib. O bildirib ki, partiya daxilində fikir ayrılıqları olsa da, əsas məqsəd təşkilatın bütövlüyünü qorumaq olmalıdır.
Kəsici vurğulayıb ki, ayrılmaq və parçalanmaq asandır, lakin birlikdə qalmaq həm partiya, həm də ölkə üçün daha faydalı seçimdir. Onun sözlərinə görə, CHP-nin gələcəyi naminə bütün tərəflər konstruktiv mövqe nümayiş etdirməlidir.
