Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının Partiya Məclisinin (PM) son iclasında istefalar, qurultay prosesi və partiyadaxili müzakirələr əsas gündəm mövzuları olub.
Referans Media xəbər verir ki, partiyadan 28 üzvün istefasından sonra keçirilən iclasda PM-nin 30 üzvü iştirak edib. Toplantıda bir sıra üzvlər növbədənkənar qurultayın gecikdirilmədən keçirilməsini tələb ediblər.
Partiya üzvləri Ali Öztunç, Gürsel Erol, Mehmet Tüm, Yaşar Seymen və Oğuz Kaan Salıcı qurultayın mümkün qədər tez təşkil edilməsinin vacibliyini vurğulayıblar.
İddialara görə, partiya sədri Kemal Kılıçdaroğlu bu təklifə cavab olaraq "Bizim də niyyətimiz budur" ifadəsini işlədib.
Toplantıda Gürsel Erolun Kılıçdaroğlundan gələcəkdə yenidən namizəd olub-olmayacağı ilə bağlı açıq mövqe bildirməsini istədiyi qeyd olunur. Kılıçdaroğlunun isə "Partiyanı təhlükəsiz limana çatdırıb təhvil verəcəyimi əvvəldən demişdim. Lazım gələrsə bunu açıq şəkildə də bəyan edərəm" cavabını verdiyi bildirilir.
İclas zamanı bəzi üzvlər partiyanın doqquz nəfəri birbaşa intizam komissiyasına göndərməsi qərarını da tənqid ediblər. Onlar məsələnin müstəqil və obyektiv komissiya tərəfindən araşdırılmasının daha doğru olacağını müdafiə ediblər.
İstefalarla bağlı danışan Kılıçdaroğlunun "Onların məqsədi birlik deyil, ayrıca partiya yaratmaqdır" dediyi iddia olunur.
Partiya sözçüsü Müslim Sarı isə istefa ərizələrinin rəhbərliyə təqdim olunduğunu, lakin qurultay tarixinin müəyyənləşdirilməsi üçün məhkəmə prosesinin nəticəsinin gözlənilməli olduğunu bildirib.
Sarı vurğulayıb ki, məhkəmə qərarı qüvvəyə minmədən qurultayın keçirilməsi mümkün deyil. Bununla yanaşı, partiyadaxili qurultay hazırlıqlarına yerli təşkilatlardan başlanacağı qeyd olunub.
