Çində fəaliyyət göstərən bir kosmik texnologiya şirkəti Yer orbitində yerləşdirdiyi peyklərdən ibarət kompüter şəbəkəsinə süni intellekt modeli yükləyərək onu kosmosda istifadəyə verib.
Referans Media xəbər verir ki, Xinhua agentliyinin məlumatına görə, “ADA Space” adı ilə tanınan Guoxing Aerospace Technology şirkəti, Alibaba tərəfindən hazırlanmış Qwen3 süni intellekt modelini 12 peykdən ibarət kompüter şəbəkəsinə yükləyərək kosmosda işlək hala gətirib.
Şirkətin direktoru Vanq Yabo bildirib ki, süni intellekt modeli Yerdən göndərilən sualları, göstərişləri və çoxsaylı məntiqi düşünmə əməliyyatlarını uğurla yerinə yetirib.
Direktorun sözlərinə görə, “Bu, ümumi təyinatlı bir süni intellekt modelinin yerüstü idarəetmə mərkəzindən operativ peyk şəbəkəsinə yüklənərək istifadə edildiyi ilk nümunədir”.
Açıqlamada qeyd olunub ki, süni intellektin Yerdən göndərilən komandlara cavab verməsi təxminən iki dəqiqə çəkib.
ADA Space şirkəti 2025-ci ilin may ayında 12 kosmik hesablama peykini aşağı Yer orbitinə göndərmişdi.
Şirkət “Star-Compute” adlı layihə çərçivəsində 2 400-ü süni intellektin nəticə çıxarma əməliyyatları, 400-ü isə süni intellektin öyrədilməsi üçün istifadə olunacaq ümumilikdə 2 800 peykdən ibarət kosmik kompüter şəbəkəsini 2025-ci ilə qədər qurmağı hədəfləyir.
Vaşinqton mərkəzli kosmik hesablama şirkəti Starcloud isə 2025-ci ilin noyabr ayında Nvidia şirkətinin süni intellektin öyrədilməsi üçün istifadə olunan H100 qrafik prosessorları ilə təchiz edilmiş bir peykə OpenAI tərəfindən hazırlanmış NanoGPT süni intellekt modelini yükləyərək istifadəyə vermişdi. Bu, süni intellektin kosmosda istifadə edildiyi ilk nümunə hesab olunur.
