Danimarkadan ABŞ-a açıq mesaj: Qrenlandiyada “qırmızı xətti” keçməyin

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı zor gücü ilə ələ keçirmə planından imtina etdiyini açıqlamasına Danimarkadan müsbət reaksiya gəlib. Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bu qərarı məmnunluqla qarşıladıqlarını bildirib.

Referans Media xəbər verir ki, Rasmussen sosial şəbəkə hesabında paylaşdığı açıqlamada günün gözləniləndən daha yaxşı başa çatdığını qeyd edərək, ABŞ prezidentinin Qrenlandiyanı zorla ələ keçirmə planından və bununla əlaqəli ticarət qarşıdurmasından geri çəkilməsini müsbət addım kimi dəyərləndirib. O vurğulayıb ki, Danimarka Krallığının “qırmızı xətləri”nə hörmət edildiyi təqdirdə, Vaşinqtonla dialoqa və müzakirələrə açıqdırlar.

Nazir bildirib ki, bundan sonrakı mərhələdə Danimarkanın milli maraqları və suverenliyinə hörmət çərçivəsində ABŞ-ın Arktika bölgəsi ilə bağlı təhlükəsizlik narahatlıqlarının necə aradan qaldırıla biləcəyi müzakirə olunmalıdır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu zamanı çıxışında Qrenlandiya ilə bağlı məqsədlərinə toxunaraq, güc tətbiq etməyəcəklərini açıqlamışdı. O, bu bəyanatla beynəlxalq ictimaiyyətdə yaranan narahatlığa son qoymağa çalışdığını bildirmişdi.

Bundan əlavə, Tramp NATO-nun baş katibi Mark Rutte ilə Davos çərçivəsində keçirdiyi görüşdən sonra Qrenlandiya və ümumilikdə Arktika bölgəsi ilə bağlı mümkün gələcək razılaşmanın əsas konturlarının formalaşdırıldığını qeyd etmişdi. ABŞ prezidenti bu razılaşma çərçivəsində fevralın 1-dən tətbiqi planlaşdırılan gömrük rüsumlarının da qüvvəyə minməyəcəyini açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki