Dəniz sahilində siqaret çəkənlərə pis xəbər: Yeni məhdudiyyətlər başlayır

Türkiyənin turizm paytaxtı hesab olunan Antalya ətraf mühitin qorunması istiqamətində mühüm addım atmağa hazırlaşır. Şəhərdə keçiriləcək COP31 İqlim Dəyişikliyi Konfransı ərəfəsində dörd məşhur çimərlikdə siqaret çəkmək qadağan olunacaq.

Referans Media xəbər verir ki, Antalya Valiliyinin həyata keçirdiyi “Mavi Aralıq dənizi Təşəbbüsü” çərçivəsində Lara, Belek, Çamyuva və Beach Park çimərlikləri sabahdan etibarən tamamilə siqaretsiz ərazi elan ediləcək.

Yeni qaydanın əsas məqsədi dəniz ekosistemini qorumaq, sahillərdə yaranan kötük çirkliliyinin qarşısını almaq və uşaqları passiv siqaret tüstüsündən qorumaqdır. Məlumata görə, sahillərdə toplanan siqaret qalıqları dalğalar vasitəsilə dənizə qarışaraq təbiətə ciddi ziyan vurur. Yeni qadağa nəticəsində çimərliklərin daha təmiz və sağlam mühitə çevrilməsi hədəflənir.

Antalyada tətbiq edilən bu addım Türkiyədə tütünlə mübarizə siyasətinin bir hissəsi hesab olunur. Müzakirə olunan yeni qanun layihəsinə əsasən, gələcəkdə siqaret istifadəsinin daha da məhdudlaşdırılması planlaşdırılır.

Layihədə uşaq parkları, təhsil müəssisələri, ibadət yerləri, idman obyektləri və çimərliklərin siqaret çəkilməsi qəti qadağan olunan ərazilər siyahısına daxil edilməsi nəzərdə tutulur.

Son illərdə Fransa, İspaniya, İtaliya, Belçika və Avstraliya kimi ölkələrdə də çimərliklərdə siqaret qadağalarının tətbiqi geniş yayılıb. Bu addımlar həm ətraf mühitin qorunmasına, həm də ictimai sağlamlığın yaxşılaşdırılmasına xidmət edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki