ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karniyə Qəzza Sülh Şurasında iştirakla bağlı etdiyi dəvəti geri çəkdiyini açıqlayıb.
Referans Media xəbər verir ki, Tramp bu barədə özünə məxsus Truth Social platformasında paylaşım edib. O, Karniyə ünvanladığı açıqlamada Qəzza Sülh Şurasının Kanadanın iştirakı ilə bağlı dəvətinin ləğv edildiyini bildirib. ABŞ prezidenti qeyd edib ki, sözügedən qurum indiyədək formalaşdırılmış ən nüfuzlu liderlər şurası olacaq.
Bu addım ABŞ–Kanada münasibətlərində yeni gərginlik kimi qiymətləndirilir.
Karni Trampın siyasətini tənqid etmişdi
Kanadanın Baş naziri Mark Karni bundan əvvəl Dünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ-nin Qrenlandiya ilə bağlı mövqeyini tənqid edərək NATO-nun ciddi sınaq qarşısında qaldığını bildirib. O vurğulayıb ki, Arktika təhlükəsizliyi güclü və etibarlı şəkildə təmin olunmalıdır.
Karni həmçinin Tramp administrasiyasının ticarət siyasətinə toxunaraq, gömrük rüsumlarının və tədarük zəncirlərinin siyasi təzyiq alətinə çevrildiyini qeyd edib.
“Kanada ABŞ sayəsində mövcud deyil”
Baş nazir Trampın “Kanada ABŞ sayəsində mövcuddur” fikirlərinə də sərt reaksiya verib. Karni bildirib ki, iki ölkə arasında iqtisadiyyat, təhlükəsizlik və mədəni əlaqələr sahəsində güclü tərəfdaşlıq mövcuddur, lakin Kanada ABŞ sayəsində deyil, kanadalıların səyi nəticəsində inkişaf edir.
Qeyd edək ki, Trampın dəvəti geri çəkməsi iki ölkə arasında diplomatik münasibətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb.
