Diş itkisi təkcə gülüşü deyil, bütün orqanizmi təhlükə altına alır

Dişlər həzm sisteminin ilkin mərhələsini yerinə yetirən vacib orqanlardan biridir. Mütəxəssislər bildirir ki, dişlər yalnız qidanın həzmi üçün deyil, eyni zamanda üz estetikasının formalaşmasında və nitqin düzgün yaranmasında mühüm rol oynayır. Dişlər həzmin ilk mərhələsində qidanın mexaniki xırdalanmasını təmin edir və çeynəmə, köpək, azı dişlərinə bölünür. Bu diş qrupları kəsmə və çeynəmə kimi əsas funksiyaları yerinə yetirir. Ağız boşluğunun gigiyenası qeyri-qənaətbəxş olduqda isə dişlərdə karies yaranır və bu proses vaxtında müalicə edilmədikdə daha ağır fəsadlara səbəb ola bilər.

Referans Media-ya danışan stomatoloq Nərmin Süleymanova bildirib ki, karies prosesi müalicə olunmadıqda həm lokal, həm də ümumi orqanizm səviyyəsində ciddi problemlərə yol açır. Onun sözlərinə görə, lokal olaraq karies pulpit, periodontit, periostit, osteomielit kimi ağrılı proseslərə, həmçinin diş əti xəstəliklərinə səbəb ola bilər. Eyni zamanda ağız boşluğunun normal mikroflorasının üzvü olan Streptococcus viridans kimi bakteriyalar bu xəstəliklər fonunda qana keçərək endokardit, ürək qapaqlarının xəstəlikləri və sepsis kimi ağır nəticələr yarada bilər.

Stomatoloq qeyd edib ki, müalicə olunmayan dişlər son nəticədə çəkilməli olur. Bu zaman çəkilmiş dişin önündəki və arxasındakı dişlər, eləcə də əks çənədə yerləşən dişlər boşluğa doğru hərəkət edir ki, bu da gələcəkdə ortopedik və ya cərrahi müdaxilələri xeyli çətinləşdirir.

Mütəxəssis əlavə edib ki, dişlərin itirilməsi okklüziya, yəni dişləm qüsurlarına gətirib çıxarır. Xüsusilə uşaq yaşlarında vaxtında müayinələrin aparılmaması, uşağın qorxusu, maddi çətinliklər və valideyn səhlənkarlığı çoxsaylı diş çəkimlərinə səbəb olur. Bu isə uşaqlarda dişləm qüsuru yaradır və gələcəkdə ortodontik müalicəni qaçılmaz edir. Prosesin dərinləşməsi gicgah-çənə oynağında problemlərə, çənənin açılıb-bağlanması zamanı ağrı, səs və hərəkət məhdudiyyəti kimi şikayətlərə səbəb ola bilər.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki