Hazırda Azərbaycanda dolların məzənnəsində hər hansı dəyişiklik riski müşahidə olunmur və bu proses tam şəkildə Azərbaycan Mərkəzi Bankının nəzarəti altındadır.
Referans Media xəbər verir ki, milli.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, məzənnə ilə bağlı bütün qərarlar Mərkəzi Bank tərəfindən mövcud iqtisadi vəziyyət nəzərə alınmaqla verilir.
Onun sözlərinə görə, hazırkı mərhələdə ölkənin əsas makroiqtisadi göstəriciləri sabitdir:
“Hazırda ölkədə makroiqtisadi göstəricilər sabitdir, Mərkəzi Bankın və Neft Fondunun valyuta ehtiyatları kifayət qədər yüksəkdir. Öökənin xarici borclanması sabit olub. Bu il isə borclanmaya gedilməsi nəzərdə tutulur. Digər tərəfdən, neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan səviyyədə olsa da, hasilatın azalması səbəbindən neft sektorundan əldə olunan gəlirlər aşağı düşüb.”
Ekspert vurğulayıb ki, mövcud şəraitdə əsas risklər valyuta daxilolmalarının idarə olunması ilə bağlıdır. Onun fikrincə, azalan neft gəlirləri qeyri-neft sektoru hesabına kompensasiya olunmadığı təqdirdə müəyyən təhlükələr yarana bilər:
“Qeyd olunur ki, əgər bu il azalan gəlirlər qeyri-neft sektoru hesabına kompensasiya olunmasa və valyuta daxilolmaları düzgün tənzimlənməsə, müəyyən risklər yarana bilər. Bu risklər əsasən dünya bazarlarında neft qiymətlərindən asılıdır. Ölkənin əsas ixrac məhsulları neft və qazdır”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məzənnələrə əsasən, bu gün ABŞ dollarının məzənnəsi dəyişməz qalaraq 1,7000 manat səviyyəsində müəyyən edilib.
