Donald Trampdan şok xəbərdarlıq: Əks halda heç nə qalmayacaq

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti dəfə diqqətçəkən və sərt açıqlama verib. Vaşinqton və Tehran arasında Yaxın Şərqdəki gərginliyi azaltmaq üçün mümkün razılaşma müzakirə olunduğu bir vaxtda Trampın sözləri beynəlxalq gündəmdə rezonans doğurub.

Referans Media xəbər verir ki, Tramp öz sosial media platformasında paylaşım edərək İrana mesaj ünvanlayıb: “İran üçün zaman daralır və çox sürətli hərəkət etməlidirlər, yoxsa onlardan geriyə heç nə qalmayacaq. Vaxt çox vacibdir”.

ABŞ Prezidenti bundan əvvəl də İranla bağlı sərt açıqlamalar vermiş, regionda gərginliyi artıran mesajlarla gündəmə gəlmişdi. Son paylaşım isə Vaşinqton–Tehran xəttində diplomatik proseslərin daha da çətinləşdiyi kimi qiymətləndirilir.

Məlumatlara görə, ABŞ və İran arasında aparılan danışıqlarda nüvə proqramı, sanksiyalar və regiondakı münaqişələrin dayandırılması kimi məsələlər əsas müzakirə mövzularıdır.

İran tərəfi isə öz növbəsində sanksiyaların ləğvi, dondurulmuş aktivlərin qaytarılması və regiondakı hərbi əməliyyatların dayandırılması kimi şərtlər irəli sürür.

Ekspertlər hesab edirlər ki, tərəflər arasında şərtlərin kəskin fərqlənməsi danışıqlar prosesini daha da çətinləşdirir və bölgədə gərginliyi artırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki