ABŞ federal hökumət qurumlarının kibertəhlükəsizliyi İsrailin keçmiş kəşfiyyatçıları tərəfindən yaradılmış Axonius adlı şirkətə qapalı tender yolu ilə verilib. Pentaqon, Xəzinədarlıq Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi (DHS) və Energetika Nazirliyi də daxil olmaqla 70-dən çox federal qurumun rəqəmsal infrastrukturu, keçmişi İsrail ordusunun gizli rəqəmsal kəşfiyyat bölməsi Unit 8200 və Mossada gedib çıxan bu şirkətin nəzarətinə keçib. Vaşinqtonda “milli təhlükəsizlik boşluğu” ilə bağlı müzakirələr güclənərkən, ABŞ Konqresinin Nümayəndələr Palatasının məsələ ilə bağlı araşdırmaya hazırlaşdığı bildirilir.
Referans Media xəbər verir ki, İsrail ordusunun rəqəmsal kəşfiyyat bölməsi Unit 8200 mənşəli keçmiş agentlər tərəfindən qurulan Axonius şirkəti ABŞ-ın ən kritik dövlət qurumlarının rəqəmsal infrastrukturuna nəzarət edir.
Şirkəti İsrail agentləri yaradıb
Axonius şirkəti 2017-ci ildə İsrail ordusunun Unit 8200 bölməsində xidmət etmiş üç kəşfiyyat zabiti — Din Sysman, Ofri Şur və Avidor Bartov — tərəfindən təsis edilib. Şirkət qurulduqdan cəmi bir neçə ay sonra ABŞ–İsrail əlaqəli investorlarından milyonlarla dollar həcmində maliyyə dəstəyi alıb. İlk investorlar arasında Tel-Əviv mərkəzli Vertex Ventures və keçmiş İsrail hərbi kəşfiyyatçıları tərəfindən idarə olunan YL Ventures yer alıb. Axonius-un 800-dən çox əməkdaşının əksəriyyəti Tel-Əvivdə çalışır və birbaşa İsrail ordusunun keçmiş kiber bölmələrində yetişmiş şəxslərdən ibarətdir.
Məlumatlar İsraildə emal olunur
Şirkətin hazırladığı sistem bütün dövlət qurumlarının cihazlarını, şəbəkələrini və istifadəçi hərəkətlərini vahid mərkəzdə toplayır. Rəsmi olaraq “məlumat görünürlüğü” məqsədi ilə yaradıldığı iddia edilən bu proqram təminatı ABŞ ordusundan Xəzinədarlığa qədər milyonlarla federal əməkdaşın giriş-çıxış məlumatlarını, internet fəaliyyətlərini və istifadəçi identifikasiyalarını analiz edir. Axonius-un proqramı bu məlumatları ABŞ daxilində deyil, İsrail mərkəzli serverlər üzərindən emal edir. Şirkət 2024-cü ildə DHS tərəfindən işə cəlb olunub. Elə həmin ilin dekabrında Pentaqon 24 saatlıq fasiləsiz izləmə sisteminin təkmilləşdirilməsi üçün Axonius-a yeni müqavilə təqdim edib. Bildirilir ki, təkcə 2023-cü ildə Müdafiə Logistika Agentliyi şirkətə 4,3 milyon dollar ödəniş edib. ABŞ Konqresinin Nümayəndələr Palatasında İsrail mənşəli şirkətə verilən bu tenderlə bağlı “Troya atı” müzakirələri güclənib və bir sıra konqres üzvləri müqavilənin araşdırılmasını tələb edir.
“Troya atı” tənqidi
İsrailin keçmişdə ABŞ ərazisində Ağ Ev ətrafına dinləmə qurğuları yerləşdirməsindən tutmuş kiber izləmə sistemlərinə qədər apardığı casusluq fəaliyyətləri illərdir sənədləşdirilib. Bu keçmişə baxmayaraq, Donald Tramp administrasiyasının kiber infrastrukturu birbaşa İsrail kəşfiyyatı ilə əlaqəli şirkətə həvalə etməsi Nümayəndələr Palatasında “Troya atı” ifadəsi ilə tənqid olunur. ABŞ Konqresinə yaxınlığı ilə tanınan The Hill nəşri Palatanın məsələ ilə bağlı istintaqa başlayacağını iddia edib.
Nümayəndələr Palatası narazıdır
Kulis məlumatlarına görə, Axonius tenderi ABŞ-ın rəqəmsal təhlükəsizlik sahəsində İsrailə struktur asılılığını açıq şəkildə ortaya qoyur. Konqres üzvlərinin fikrincə, İsrail hər il milyardlarla dollar dəyərində ABŞ vəsaiti ilə inkişaf etdirdiyi texnologiyanı yenidən Vaşinqtona sataraq həm iqtisadi, həm də kəşfiyyat baxımından qazanc əldə edir.
