Dünya Bakıya TOPLAŞIR: WUF13 Azərbaycana nə qazandıracaq?

Azərbaycanda keçirilən WUF13 beynəlxalq forumunun ölkə iqtisadiyyatına mümkün təsirləri müzakirə olunur. İqtisadçılar hesab edir ki, belə nüfuzlu tədbirlər həm investisiya imkanlarının genişlənməsi, həm də turizm və məşğulluq sahəsində canlanma baxımından mühüm rol oynaya bilər.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, WUF13 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatına bir neçə istiqamətdə müsbət təsir göstərə bilər.

Onun sözlərinə görə, ilk növbədə belə forumlar Azərbaycanın beynəlxalq imicini gücləndirir və ölkəni xarici investorlar üçün daha tanınan və etibarlı məkana çevirir. Forum zamanı müxtəlif ölkələrdən gələn şirkət nümayəndələri, maliyyə qurumları və biznes dairələri Azərbaycan bazarı ilə yaxından tanış olur ki, bu da yeni investisiya layihələrinin yaranmasına şərait yarada bilər. Xüsusilə tikinti, nəqliyyat, rəqəmsal texnologiyalar, yaşıl enerji və şəhərsalma sahələrində əməkdaşlıq imkanlarının genişlənə biləcəyi qeyd olunub.

İqtisadçı vurğulayıb ki, belə tədbirlər turizm sektoruna da müsbət təsir göstərir. Xaricdən gələn iştirakçılar hotellərdə qalır, restoranlardan, nəqliyyatdan və digər xidmət sahələrindən istifadə edir ki, bu da xidmət sektorunun gəlirlərini artırır. Eyni zamanda forumun beynəlxalq mediada işıqlandırılması Azərbaycanın turizm istiqaməti kimi daha geniş auditoriyaya tanıdılmasına və gələcək illərdə turist sayının artmasına təsir göstərə bilər.

Akif Nəsirli əlavə edib ki, forum yeni iş imkanlarının yaranmasına da töhfə verir. Tədbirin təşkili zamanı logistika, təhlükəsizlik, turizm, tərcümə, media və xidmət sahələrində müvəqqəti iş yerləri açılır. Daha sonra isə əldə olunan investisiyalar və yeni layihələr daimi məşğulluğun artmasına səbəb ola bilər. Onun fikrincə, xüsusilə gənclər üçün beynəlxalq təcrübə qazanmaq, xarici şirkətlərlə əlaqələr qurmaq və peşəkar bacarıqları inkişaf etdirmək baxımından da mühüm imkanlar yaranır.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki