Dünyanın müxtəlif bölgələrində qısa zaman ərzində ard-arda qeydə alınan zəlzələlər qlobal narahatlığı artırıb. Venesuela, Yaponiya və Aralıq dənizi hövzəsində baş verən yeraltı təkanlar son saatlarda seysmik aktivliyin yenidən diqqət mərkəzinə düşməsinə səbəb olub.
Referans Media xəbər verir ki, ən ciddi vəziyyət Venesuelada qeydə alınıb. Ölkədə cəmi 39 saniyə fərqlə baş verən 7,5 və 7,2 bal gücündə iki güclü zəlzələ genişmiqyaslı dağıntılar yaradıb. Paytaxt Karakasda daxil olmaqla bir sıra bölgələrdə binaların dağıldığı, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Hadisədən sonra ölkə üzrə fövqəladə vəziyyət elan olunub. Rəsmilər vətəndaşları təkrar təkanlara qarşı diqqətli olmağa çağırıblar.
Seysmiк aktivlik Yaponiyada da hiss olunub. İvate sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb. İlkin məlumatlara əsasən, sunami təhlükəsi elan edilməyib, lakin bölgədə monitorinq və yoxlamalar davam etdirilir.
Eyni zamanda Aralıq dənizində baş verən 4,9 bal gücündə zəlzələ Türkiyənin sahil bölgələrində hiss olunub. Rəsmi qurumlar hadisə nəticəsində ciddi dağıntı və ya itki qeydə alınmadığını açıqlayıb.
Mütəxəssislər bildirirlər ki, dünyanın fərqli nöqtələrində qısa aralıqlarla baş verən zəlzələlər bir-biri ilə birbaşa əlaqəli olmaya bilər. Buna baxmayaraq, son saatlarda müşahidə olunan aktivlik seysmoloji mərkəzlərin diqqətindədir.
