Dünya “su iflası” mərhələsinə daxil olur – BMT xəbərdarlıq edir

Birləşmiş Millətlər Təşkilatının Universiteti (UNU) tərəfindən hazırlanan hesabatda bildirilib ki, dünya artıq sadəcə su böhranı deyil, “qlobal su iflası” dövrünə qədəm qoyub. Hesabata görə, su ehtiyatlarının həddindən artıq istismarı və zəif idarə olunması ciddi balanssızlıq yaradıb.

Məlumata əsasən:

2,2 milyard insan təhlükəsiz içməli suya,

3,5 milyard insan sanitasiya xidmətlərinə çıxışdan məhrumdur.

4 milyard insan hər il azı bir ay ciddi su qıtlığı yaşayır.

Dünya əhalisinin təxminən 75 faizi su baxımından təhlükəli və ya kritik ölkələrdə yaşayır.

Son 50 ildə Avropa İttifaqı ölçüsünə yaxın 410 milyon hektar sulak ərazi məhv olub, buzlaqların böyük hissəsi əriməyə davam edir. Yeraltı su ehtiyatlarının 70 faizi isə uzunmüddətli azalma göstərir.

UNU-nun Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru Kaveh Madani bildirib ki, “su iflası” anlayışı uzun müddət təbii su ehtiyatlarından daha çox su istifadə edilməsinin nəticəsidir. Onun sözlərinə görə, insanlar artıq “su ehtiyat hesabını” xərcləyir və bunun nəticəsində ekosistemlər çökür.

Madani vurğulayıb ki, su iflası dünyanın sonu deyil, lakin ciddi xəbərdarlıqdır. Doğru idarəetmə və investisiyalarla riskləri azaltmaq, iqlim dəyişikliyinə uyğunlaşmaq və geri dönməz itkilərin qarşısını almaq mümkündür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki