ABŞ ilə İran arasında nüvə danışıqlarının ikinci mərhələsi İsveçrənin Cenevrə şəhərində başlayıb. Görüşlərdə nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələləri müzakirə olunur.
Referans Media xəbər verir ki, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir. ABŞ tərəfini isə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Kared Kuşner təmsil edir. Məlumata görə, Donald Tramp da danışıqlara dolayı formada cəlb oluna bilər.
Masada hansı məsələlər var?
İran tərəfi uranın zənginləşdirilməsi səviyyəsini azaltmaq müqabilində ölkəyə qarşı tətbiq edilən bütün sanksiyaların ləğvini tələb edir. Rəsmi Tehran raket proqramının məhdudlaşdırılması və silahlı qruplara dəstəyin dayandırılması məsələlərinin gündəmə gətirilməsinə qarşı çıxır.
ABŞ administrasiyası isə danışıqların əsas diqqətinin İranın nüvə proqramına yönəldiyini bildirir və “sıfır zənginləşdirmə” prinsipini önə çəkir.
İsraildən şərtli mövqe
İsrail hökuməti Vaşinqtondan İranın nüvə proqramının tam dayandırılması, raket potensialının məhdudlaşdırılması və silahlı qruplara dəstəyin kəsilməsi tələblərinin danışıqlarda əsas şərt kimi irəli sürülməsini istəyir.
Diplomatik təmaslara baxmayaraq, bölgədə hərbi aktivlik müşahidə olunur. ABŞ-ın regionda hərbi mövcudluğunu artırdığı bildirilir. Eyni zamanda, İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı ərazisində hərbi təlimlər keçirir.
Donald Tramp son açıqlamasında İranla bağlı “ən yaxşı ssenarinin rejim dəyişikliyi” olduğunu bildirib. O, həmçinin uzun illər davam edən danışıqların nəticəsiz qaldığını vurğulayıb və nüvə proqramı ilə bağlı sərt mövqeyini bir daha təkrarlayıb.
Qeyd edək ki, tərəflər arasında danışıqların ilk mərhələsi 6 fevral tarixində Maskat şəhərində baş tutmuşdu. Görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunduğu açıqlanmışdı.
