Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentlərinin gələn ilin yazında keçiriləcək VIII Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün İrəvana dəvət olunduqlarını açıqlayıb. O, dəvətin hələlik şifahi şəkildə göndərildiyini qeyd edib.
Rəsmi Bakı və Ankara hələ bu mövzuya münasibət bildirməsə də, bəzi ekspertlər belə bir səfərin müəyyən risklər daşıdığını söyləyirlər. Mirzoyanın açıqlaması Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması, qarşılıqlı diplomatik səfərlər fonunda diqqət çəkir.
Liderlərin İrəvana səfəri hansı halda mümkün olar?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, VIII Avropa Siyasi Birliyinin sammitinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin qatılması hazırda ciddi müzakirə predmetidir:
“Türkiyənin xarici işlər naziri Hakan Fidanın müavini Ayşe Berris Ekincinin Bakıya səfərini təsadüfi hesab etmirəm. Çünki bir sıra məsələlər üzrə məsləhətləşmələrə ehtiyac var. Şuşa Bəyannaməsindən irəli gələrək iki dövlət arasında bu məsləhətləşmələrin aparılması vacibdir. Müzakirə ediləcək mövzulardan biri də məhz həmin sammitdə iştirakla bağlıdır.
Tərəflərin bu dəvətə müsbət yanaşacağını düşünürəm. Onsuz da 8 avqustda Vaşinqtonda ortaq bəyanat qəbul edildi, sülh sazişi paraflandı. Ankara və Bakı İrəvanla dialoqu genişləndiriblər. Bu səbəbdən iki ölkə liderinin Ermənistana səfəri mümkündür. 2027-ci ildə oxşar sammitin Bakıda keçirilməsi planlaşdırılır. Həmin tədbirə də Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvət edilməsi mümkündür. Əgər Prezident İlham Əliyev İrəvandakı toplantıda iştirak edərsə, Paşinyanın da Bakıya gəlməsi real görünür. Ona görə də bu toplantıya qatılmağımızı yüksək ehtimalla mümkün hesab edirəm”.























