Elm, mövqe və Vətən sevgisi: Arif Quliyevin portreti

Arif Cəmil oğlu Quliyev Ukraynada sayılıb seçilən azərbaycanlılardandır. “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, Ukraynanın Əməkdar təhsil işçisi, Milli Aviasiya Universitetinin, “Odessa Hüquq Akademiyası” Milli Universitetinin, Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin professoru, Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademikidir.

Elmi nailiyyətlərini sadalamaqla bitməz. Zəngin həyat və elm yolu var. Adı kimi özü də arif adamdır. O həmişə yaşayış tərzi, davranışı, insanlara münasibəti, xalqına, vətəninə sevgisi ilə nümunə ola biləcək şəxsiyyətdir. Rusiya-Ukrayna müharibəsinin dəhşətlərinə baxmayaraq özünə ikinci vətən hesab etdiyi bu ölkəni nə özü, nə də ailə üzvləri tərk etməyib. Bu da onun mərdliyinin, sadiqliyinin bir nüümunəsidir. Arif müəllim xoş gündə də, dar gündə də dost-tanışın, el-obanın yanında olan insandır. Azərbaycanı da heç vaxt unutmur. Ukraynaya gediş-gəliş asan olmasa da, necə deyərlər, bir ayağı elə buradadı. 20 Yanvar şəhidlərinin 36-cı ildönümündə də orada dayana bilməyib anım mərasimində iştirak etmək, şəhidlərin əziz xatirəsinə ehtiramını bildirmək üçün qarda-sazaqda Bakıya gəldi.

Arif Quliyev çox sayda kitabın, elmi məqalələrin müəllifidir. Onun əsərlərinin zirvəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə ithaf etdiyi “Millət atası” monoqrafiyası dayanır. Monoqrafiyada qeyd olunur ki, Heydər Əliyev müasir Azərbaycanın memarı, Azərbaycan – Ukrayna arasında dostluq münasibətlərinin təməlini qoyan şəxsdir. Arif Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəsna vətənpərvərliyi, Vətənə bağlılığı nəticəsində Azərbaycanın Cənubi Qafqazın şəksiz liderinə çevirdiyini dünyada böyük nüfuz qazandığını, Umummilli Liderin layiqli siyasi varisi, davamçısı olduğunu xüsusi qeyd edir. Kitabda alimin elmi fəaliyyətinin əsər və materialları toplanıb. Müəllifin Heydər Əliyevlə səxsən bir neçə dəfə görüşməsi barədə xatirələr də monoqrafiyada yer alıb.

Ziyalı işığına yığışmaq, ağsaqqal sözü eşitmək çox vacibdir. Arif müəllim budəfəki gəlişində bizim redaksiyaya baş çəkib qonağımız oldu. Arif Quliyev kimi şəxsiyyət, elm fədaisi, vətənpərvər, xalqını sevən bir insanla həmsöhbət olmaq, müdrik sözlərini eşitmək bizim üçün çox xoş idi. Onunla bəzi mövzularda fikir mübadiləsi aparıb maraqlı müzakirələrimiz oldu. Kollektivimiz adından böyük alimimiz, gözəl insan Arif Quliyevə can sağlığı, həyatında, elmi fəaliyyətində müvəffəqiyyət arzu edirik.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki