Yay mövsümünün yaxınlaşması ilə birlikdə bədəni təmizləmək, tez arıqlamaq və yüngülləşmək kimi çağırışlar yenidən populyarlaşır. Sosial mediada sürətlə yayılan müxtəlif detoks üsulları bir çox insanı cəlb etsə də, bu cəhdlərin bəziləri tarix boyu ciddi sağlamlıq risklərinə səbəb olub.
Referans Media Sfera.az-a istinadən xəbər verir ki, tarixə nəzər saldıqda, ən təhlükəli metodlardan biri kimi “lent qurd pəhrizi” diqqət çəkir. XIX əsrin sonlarında, xüsusilə Avropa və Amerikada arıq bədən idealının yayılması ilə bəzi insanlar arıqlamaq üçün qəsdən parazit qəbul edirdilər. Məqsəd isə bağırsaqda yaşayan parazit yediyin qidanın bir hissəsini mənimsəyərək çəki itkisinə səbəb olurdu. Lakin nəticələr son dərəcə ağır olub. Həkimlərin qeydlərinə görə, bu üsul anemiya, vitamin çatışmazlığı, həzm problemləri və hətta ölüm halları ilə nəticələnib.
XX əsrin əvvəllərində isə “üzüm detoksu” geniş yayılıb. Bu metodda insanlar günlərlə yalnız üzüm və ya maye ilə qidalanaraq bədənin təmizləndiyini düşünürdülər. Halbuki mütəxəssislər bildirir ki, uzun müddət tək tip qidalanma zülal, yağ və vacib vitamin çatışmazlığına səbəb olur, nəticədə enerji azalması və əzələ itkisi baş verir. Digər bir trend isə yoğun bağırsağın tez-tez təmizlənməsi proseduru olub. Tarixi qədim dövrlərə gedib çıxan bu üsul 1900-cü illərdə yenidən populyarlaşsa da, müasir tibb bunun riskli olduğunu vurğulayır. Tez-tez tətbiq olunan təmizlənmə metodu bağırsaq florasını pozur, infeksiya və maye balansı problemlərinə yol aça bilər. Son illərdə isə detoks anlayışı yeni formada ortaya çıxıb.
Aktivləşdirilmiş kömürlü içkilər, “qara limonad” və müxtəlif detoks məhsulları geniş reklam olunur. Halbuki mütəxəssislər bildirir ki, bu maddə yalnız tibbi hallarda zəhərlənmələr zamanı istifadə edilməlidir və gündəlik istifadəsi faydalı deyil. Əksinə, o, orqanizm üçün vacib vitamin və mineralların sorulmasına mane ola bilər. 1980-90-cı illərdə məşhurlaşan kələm şorbası pəhrizi də yenidən gündəmə gəlir.
Qısa müddətdə çəki azalmasına səbəb olsa da, bu üsul uzunmüddətli effekt vermir və metabolizmanın yavaşlamasına gətirib çıxara bilər. Bildirirlər ki, bədənin əlavə “detoks”a ehtiyacı yoxdur. Qaraciyər, böyrəklər və bağırsaqlar artıq bu funksiyanı təbii şəkildə yerinə yetirir. Sağlam həyat tərzi, balanslı qidalanma, kifayət qədər su qəbulu, yuxu rejimi və fiziki aktivlik bədənin təmiz və sağlam qalmasının əsas yoludur.























