ABŞ Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Cefri Epşteyn işi ilə bağlı 1 milyondan çox əlavə sənədin əldə edildiyini açıqlayıb.
Referans Media xəbər verir ki, Federal Təhqiqat Bürosu (FBI) və Nyu-York Cənub Dairəsi Prokurorluğu tərəfindən aşkar edilən sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Hazırda sənədlərdə qurbanların qorunması məqsədilə qanunvericiliyin tələb etdiyi senzura işləri aparılır.
Bildirilib ki, materialların həcminin böyük olması səbəbindən sənədlərin ictimaiyyətə açıqlanması bir neçə həftə çəkə bilər və proses federal qanunlara uyğun həyata keçiriləcək.
Qeyd edək ki, ABŞ-da ictimaiyyət və Konqresin artan təzyiqlərindən sonra Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı bəzi sənədləri “Epşteyn Dosyaları Şəffaflıq Qanunu” çərçivəsində onlayn məlumat bazasında yayımlamağa başlamışdı.
Son açıqlanan sənədlərdə ABŞ prezidenti Donald Trampın adının daha tez-tez hallandığı, onun Epşteynə məxsus xüsusi təyyarə ilə əvvəl məlum olandan daha çox uçuş həyata keçirdiyinə dair məlumatların yer aldığı bildirilir.
