ABŞ Prezidenti Donald Tramp, azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan, həbsxanada müəmmalı şəkildə ölü tapılan Ceffri Epşteyn işi ilə bağlı müzakirələrin artıq arxada qalmalı olduğunu bildirib. Trampın sözlərinə görə, ölkə gündəmi bu mövzudan uzaqlaşdırılmalı və dövlət idarəçiliyinə fokuslanılmalıdır.
Referans Media xəbər verir ki, Ağ Evdə keçirilən tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Tramp, Epşteyn sənədlərində özünün adının hallanmasına bir daha reaksiya verib və tamamilə günahsız olduğunu iddia edib. “Sonda hər kəs gördü ki, mən tamamilə günahsızam. Minlərlə, milyonlarla səhifə sənəd araşdırıldı və buna baxmayaraq, mənimlə bağlı heç nə tapılmadı”, – deyə Tramp vurğulayıb.
Prezident Epşteynlə bağlı ittihamların əsasən Demokrat Partiyası ilə əlaqəli şəxsləri əhatə etdiyini iddia edərək, mövzunun siyasi manipulyasiya vasitəsinə çevrildiyini söyləyib: “Epşteynlə yaxın əlaqələri olan çox sayda demokrat var. Amma açıq danışım – biz artıq bu mövzunu bağlayıb ölkəni idarə etməyə qayıtmalıyıq. Epşteyn sağ ikən heç kim onu vecinə almırdı, öldükdən sonra isə hamı maraqlanmağa başladı. Bu, demokratların problemidir, respublikaçıların yox”.
Hillary Klintonla bağlı “təəssüf” açıqlaması
Epşteyn dosyaları çərçivəsində keçmiş ABŞ Prezidenti Bill Klinton və sabiq dövlət katibi Hillary Klintonun Konqresdə ifadə verməsi məsələsinə də münasibət bildirən Tramp, bu vəziyyəti “təəssüf doğuran” hal kimi qiymətləndirib.
“Dürüst desəm, bu, çox üzücüdür. Mən onu həmişə sevmişəm. O, istedadlı qadındır və debatlarda digərlərindən daha güclü idi. Onu bu vəziyyətdə görmək xoş deyil”, – deyə Tramp bildirib.
Epşteyn işi: qalmaqallı siyahı və rəsmi nəticə
Qeyd edək ki, Ceffri Epşteyn azı 14 yaşında olmaqla, onlarla azyaşlı qıza qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunarkən, 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhattan Metropoliten Həbsxanasında ölü tapılıb.
Açıqlanan məhkəmə sənədlərində Şahzadə Endryu, Donald Tramp, Bill Klinton, Ehud Barak, Al Qor, Kevin Speysi, Maykl Cekson, Devid Koperfild, Alan Derşovits və Bill Riçardson kimi tanınmış adlar yer alıb.
ABŞ Federal Təhqiqat Bürosu (FBI) və Ədliyyə Nazirliyinin apardığı araşdırmaların nəticəsinə görə, Epşteynin “müştəri siyahısı”nın mövcudluğuna dair heç bir sübut tapılmayıb və onun həbsxanada intihar etdiyi qənaətinə gəlinib.
