İngiltərədə hakim İşçi Partiyasının deputatları ABŞ-da yayımlanan Epşteyn sənədlərində adı keçən sabiq nazir və səfir Piter Mandelsonla bağlı gizli saxlanılması planlaşdırılan bəzi sənədlərin parlament komitəsinə təqdim edilməsinə nail olub. Qalan sənədlərin isə hökumət tərəfindən açıqlanacaq materiallar siyahısına daxil edilməsi qərara alınıb.
Referans Media xəbər verir ki, aralarında keçmiş baş nazir müavini Anjela Reynerin də olduğu bir qrup nüfuzlu İşçi Partiyası üzvü, Mandelson ilə ABŞ-da azyaşlı qızların cinsi istismarı və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunarkən həbsxanada ölü tapılan milyarder Jeffrey Epşteyn arasındakı əlaqələri ortaya qoyan sənədlərin gizli saxlanılmasına etiraz edib.
Ölkədə təkbaşına hakimiyyətdə olan İşçi Partiyasının deputatları, Baş nazir Keir Starmerin milli təhlükəsizlik və diplomatik münasibətlərə zərər verə biləcəyi əsas gətirilərək açıqlanmasına qarşı çıxılan sənədlərlə bağlı mövqelərini hökumətə rəsmi şəkildə çatdırıblar.
Partiya daxilindən və deputatlardan gələn güclü təzyiqlərdən sonra hökumət Mandelson ilə Epşteyn arasındakı münasibətləri əks etdirən sənədlərin bir hissəsinin Britaniya Parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinə göndərilməsi barədə qərar verib. Kəşfiyyat və təhlükəsizliklə birbaşa əlaqəsi olmayan sənədlərin isə ictimaiyyətə açıqlanacağı bildirilib.
Parlamentə təqdim olunacaq sənədlər arasında Mandelsonun ötən ilin fevralında başlayıb sentyabrda başa çatan Böyük Britaniyanın Vaşinqtondakı səfiri vəzifəsinə təyin edilməsi ilə bağlı materiallar da yer alır.
Lakin Mandelsonla bağlı araşdırma aparan London Polisi bəzi sənədlərin açıqlanmasının istintaqa zərər verə biləcəyi barədə xəbərdarlıq edib. Polis İdarəsinin Xüsusi İxtisaslaşmış Cinayətlər Bölməsinin nümayəndəsi Ella Marriott bildirib ki, yayımlanması planlaşdırılan sənədlərin istintaq prosesinə mənfi təsir göstərə biləcəyi barədə hökumətə tövsiyə verilib.
Marriott əlavə edib ki, araşdırmaya xələl gətirə biləcək hər hansı sənədin açıqlanması halında, qərəz riskinin qarşısını almaq üçün hökumətdən dərhal yayımın dayandırılması tələb olunacaq.
Qeyd edək ki, 9 sentyabr 2025-ci ildə ABŞ-da üzə çıxan yazışmalarda Mandelsonun Epşteynə “ən yaxın dostum” deyə müraciət etdiyi məlum olub. Həmin yazışmalarda Mandelsonun Epşteynə göndərdiyi ad günü mesajında diqqətçəkən və mübahisə doğuran ifadələr yer alıb.
Yazışmaların üzə çıxmasından sonra vəzifədən uzaqlaşdırılan Mandelsonla bağlı ötən həftə yayımlanan sənədlərdə onun Epşteyndən 75 min dollar aldığı, həmçinin azyaşlı olduğu iddia edilən qızlarla uyğun olmayan fotolarının mövcud olduğu ortaya çıxıb.
Tony Bleyer və Qordon Braun hökumətlərində nazir vəzifəsində çalışmış Mandelson bu pul köçürməsini xatırlamadığını bildirib.
Epşteyn qalmaqalı böyüdükcə, Britaniya siyasətinin ən yüksək pillələrinə uzanan əlaqələr daha açıq şəkildə gündəmə gəlir.
