Jeffrey Epşteyn qalmaqalının ən qaranlıq fiqurlarından biri olan Ghislaine Maxwell, illər boyunca Epşteynin demək olar ki, bütün fotolarında yer alıb.
Referans Media xəbər verir ki, yeni sənədlərin üzə çıxmasından sonra ictimaiyyətin diqqəti yenidən bu “sirli qadın”a yönəlib.
Bəs Ghislaine Maxwell kim idi və bu gün haradadır?
Ghislaine Maxwell 25 dekabr 1961-ci ildə Fransada anadan olub. Böyük Britaniya vətəndaşı olan Maxwell, media dünyasında tanınmış maqnat Robert Maxwellin qızıdır. Təhsilini İngiltərədə alan Ghislaine Maxwell uzun illər ABŞ-da yaşayıb. O, yüksək cəmiyyət dairələrində fəal fiqur kimi tanınıb və nüfuzlu siyasi, maliyyə və aristokrat çevrələrlə əlaqələri ilə diqqət çəkib.
Maxwell, amerikalı maliyyəçi Jeffrey Epşteynin ən yaxın ətrafında yer alıb. ABŞ prokurorluğunun iddialarına görə, o, Epşteyn üçün azyaşlı qızları tapıb, yönləndirib və cinsi istismara hazırlayıb. İstintaq materiallarında Maxwellin Epşteynin qurduğu cinsi istismar və insan alveri şəbəkəsində fəal rol oynadığı bildirilir.
Ghislaine Maxwell 2020-ci ildə ABŞ-da saxlanılaraq həbs edilib. 2021-ci ildə keçirilən məhkəmə prosesində münsiflər heyəti onu azyaşlıların cinsi istismarına yardım və insan alverində iştirak ittihamları üzrə təqsirli bilib. 2022-ci ildə isə məhkəmə Maxwell barəsində 20 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.
Jeffrey Epşteynin 2019-cu ildə həbsxanada ölü tapılmasından sonra ictimai diqqət tam şəkildə Ghislaine Maxwellə yönəlib. Onun siyasət, biznes və Britaniya kral ailəsi ilə qurduğu əlaqələr uzun müddət müzakirə mövzusu olub.
Xüsusilə Böyük Britaniya şahzadəsi Endryu ilə yaxın münasibətləri qalmaqalın ən çox danışılan məqamları sırasında yer alıb.
Hazırda Ghislaine Maxwell ABŞ-da federal həbsxanada cəzasını çəkir. Onun Epşteyn şəbəkəsi barədə daha geniş məlumatlara sahib olduğu, lakin bəzi detalları hələ də açıqlamadığı barədə iddialar ictimaiyyətdə müzakirə olunmaqda davam edir.
Epşteyn qalmaqalının pərdəarxası sirləri açıldıqca, Ghislaine Maxwellin rolu yenidən gündəmin mərkəzinə çevrilir.
