Ermənistanın müdafiə naziri Suren Papikyan “Su-30 SM” qırıcılarının ölkənin hava məkanının qorunmasında mühüm rol oynaya biləcəyini bildirib.
Referans Media xəbər verir ki, o, bu barədə yanvarın 13-də keçirilən mətbuat konfransında danışıb.
Erməni nazir qeyd edib ki, yaxın vaxtlarda silahlı qüvvələrin inkişafını və silahlanmanı əhatə edən yeni beşillik proqram qəbul ediləcək. Onun sözlərinə görə, “Su-30 SM” üçün müəyyən silahlanma artıq mövcuddur, əlavə paketlərin də alınması gözlənilir.
Papiqyan həmçinin səsləndirilən suallara cavab olaraq NATO standartlı yeni silahların alınmasının Rusiyadan əldə olunmuş texnikadan imtina mənasına gəlmədiyini söyləyib. Onun sözlərinə görə, mövcud texnika modernizasiya olunaraq yeni sistemlərlə inteqrasiya ediləcək.
Xatırladaq ki, “Su-30 SM” qırıcıları Ermənistan tərəfindən 44 günlük müharibədən əvvəl alınıb, lakin müharibə zamanı həmin təyyarələrin raket komplektlərinin olmadığı üzə çıxıb və onlar faktiki olaraq istifadəyə yararsız qalıb./Musavat.com






















