Ermənistanda Azərbaycan ordusunun Geğarkunik istiqamətində yeni post qurduğu ilə bağlı yayılan iddialar cəmiyyətdə müzakirələrə səbəb olub. Bu məlumatların nə dərəcədə reallığı əks etdirdiyi və belə bir addımın regiondakı sərhəd vəziyyətinə necə təsir göstərə biləcəyi ilə bağlı suallar doğurur. Məsələ bəzi dairələrdə narahatlıq yaradarkən, sərhəddəki təhlükəsizlik balansına mümkün təsiri də diqqət mərkəzinə düşüb.
Referans Media-ya açıqlama verən hərbi jurnalist Səxavət Məmməd bildirib ki, ümumiyyətlə məlum məsələdir ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmayıb. Bundan əlavə, Azərbaycan tərəfi öz sərhədlərini möhkəmləndirməklə bağlı addımlar atır və bu addımları davam etdirəcək.
Onun sözlərinə görə, Ermənistan tərəfinin Azərbaycanın həmin ərazilərdə post qurmasından narahat olması başadüşülən deyil. Hər bir dövlət öz ərazisində, hansı istiqamətdən təhdid gələ biləcəyini nəzərə alaraq mövqelər qurmalıdır və burada qeyri-adi heç nə yoxdur.
Ekspert qeyd edib ki, regionda baş verən proseslər fonunda Ermənistan tərəfi bu məsələni daha çox qabartmağa və sanki Azərbaycanın onlara qarşı hansısa addım atdığı görüntüsünü yaratmağa çalışır. Lakin Azərbaycan tərəfinin belə bir niyyəti yoxdur.
Səxavət Məmməd vurğulayıb ki, reallıq ondan ibarətdir ki, Azərbaycan müxtəlif istiqamətlərdə mövqelərini gücləndirmək istəyir və bu istiqamətdə yeni postların qurulması, mühəndislik işlərinin aparılması normal qəbul edilməlidir.
Onun fikrincə, Ermənistan tərəfi müəyyən dövrlərdə bu kimi məsələləri yenidən gündəmə gətirə bilər və belə halları gələcəkdə də görmək mümkündür.
Gülnaz Abdullazadə























