Eva Murati son günlər televiziya çıxışlarından çox, geyim seçimi ilə diqqət mərkəzinə düşüb. İddialara görə, məşhur aparıcı yayım zamanı seçdiyi bəzi geyimlər səbəbilə şikayət olunub.
Referans Media xəbər verir ki, UEFA Çempionlar Liqası proqramlarının aparıcısı olan Muratinin son yayımlarda daha iddialı geyimlərə üstünlük verməsi bəzi izləyicilər tərəfindən tənqid edilib. Şikayət edənlər geyimlərin yayım prinsiplərinə uyğun olmadığını və idman proqramlarının daha rəsmi üslub tələb etdiyini irəli sürüblər.
Məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bir qrup istifadəçi aparıcını dəstəkləyərək bunun şəxsi seçim olduğunu bildirib. Digərləri isə televiziya etikası baxımından daha uyğun geyimlərin seçilməli olduğunu qeyd edib.
30 yaşlı Eva Murati karyerasına model və aktrisa kimi başlayıb. O, 2017-ci ildən etibarən Albaniyada yayımlanan idman proqramlarında aparıcı kimi fəaliyyət göstərir və xüsusilə Çempionlar Liqası verilişləri ilə tanınır.
Hazırda məsələ ilə bağlı Murati və ya çalışdığı televiziya tərəfindən rəsmi açıqlama verilməyib.
