"Fənərbaxça"da prezident seçkiləri öncəsi baş məşqçi məsələsi gündəmin əsas mövzularından birinə çevrilib. Klub prezidentliyinə namizəd Əziz Yıldırımın əsas namizədi kimi göstərilən Aykut Kocamanın artıq hazırlıqlara başladığı iddia olunur.
Referans Media xəbər verir ki, Əziz Yıldırımın yaxın günlərdə Aykut Kocamanla görüş keçirdiyi və tərəflər arasında ilkin fikir mübadiləsinin aparıldığı bildirilib.
Məlumata görə, bu görüşdən sonra 61 yaşlı mütəxəssis köməkçiləri ilə birlikdə "Fənərbaxça"nın hazırkı heyətini analiz etməyə başlayıb. Kocamanın yeni mövsüm üçün çatışmayan mövqelərlə bağlı hesabat hazırladığı qeyd edilir.
İddialara əsasən, Əziz Yıldırım seçkidə qalib gələcəyi halda Aykut Kocaman vaxt itirmədən komandanın başına keçərək yeni heyət quruculuğuna start vermək niyyətindədir.
Qeyd edək ki, Aykut Kocaman daha əvvəl 4 mövsüm "Fənərbaxça"nın baş məşqçisi olub və 2010/2011 mövsümündə komandanı çempionluğa daşıyıb.
