"Fənərbaxça"da prezident seçkiləri yaxınlaşdıqca klub daxilində gərginlik artmaqda davam edir. Əziz Yıldırımın namizədliyini açıqlamasından sonra Əli Koçla bağlı yeni iddia gündəmə gəlib.
Referans Media xəbər verir ki, jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, Yıldırımın namizədliyindən sonra keçmiş idarə heyətinin bəzi üzvləri Əli Koça yenidən namizəd olması üçün müraciət edib.
Məlumata əsasən, həmin şəxslərin telefon vasitəsilə Əli Koça təmas quraraq onu seçkiyə qatılmağa çağırdığı iddia olunur.
Bildirilib ki, bu addım "Fənərbaxça"da seçki atmosferini daha da gərginləşdirib və klub daxilində yarışın tempini artırıb.
Qeyd edək ki, 6–7 iyun tarixlərində keçiriləcək növbədənkənar ümumi seçki öncəsi həm Əziz Yıldırım, həm də Əli Koç ətrafında müzakirələr davam edir.
