FIFA Prezidenti Gianni İnfantino, Rusiyaya tətbiq olunan idman sanksiyalarının aradan qaldırılmasının vacib olduğunu bildirib.
Referans Media xəbər verir ki, “Sky News”ə danışan İnfantino, Rusiyanın beynəlxalq futbol matçlarından uzaqlaşdırılmasının heç bir fayda vermədiyini, əksinə daha çox məyusluq və nifrət yaratdığını qeyd edib.
O vurğulayıb ki, heç bir ölkənin futboldan məhrum edilməməsi lazımdır: “Rusiyadakı uşaqların Avropada oyun təcrübəsi qazanmasının faydalı olacağına inanıram.”
İnfantino, keçən ay İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda ingilis azarkeşləri bağlı çıxışı səbəbilə üzr istəyib. O bildirib ki, məqsədi heç bir azarkeşi incidmək olmayıb:
“Öncəliklə üzr istəyirəm. Əslində, Qətərdə keçirilən Dünya Kubokunun bir bayram və sülh tədbiri olduğunu göstərmək üçün zarafat məqsədli bir şərh etmişdim.” FIFA prezidenti həmçinin İngilis azarkeşlərin dinc şəkildə komandalarını dəstəkləməsinin gözəl bir hal olduğunu vurğulayıb.
Qeyd edək ki, İnfantino Davosdakı çıxışında, 2022-ci il Qətər Dünya Kubokunda heç bir İngilis azarkeşin həbs edilmədiyini qeyd etmiş, bu açıqlama isə bəzi İngilis azarkeşlərin sərt reaksiyasına səbəb olmuşdu.
