Filippinin Mindanao bölgəsində 359 nəfəri daşıyan bərə batıb. İlkin məlumatlara görə, qəza nəticəsində 15 nəfər ölüb.
Referans Media xəbər verir ki, Mindanao bölgəsinin Zamboanga Limanından Bangsamoro Muxtar Bölgəsinin Sulu vilayətinin mərkəzi olan Jolo Adasına hərəkət edən “M/V Trisha Kerstin 3” bərəsi Hadji Muhtamad bələdiyyəsinə bağlı Pilas Adası yaxınlığında batıb.
Filippin Sahil Mühafizəsinin açıqlamasına görə, göyərtəsində 332 sərnişin və 27 ekipaj olmaqla toplam 359 nəfəri daşıyan bərə qəza nəticəsində batıb. Hazırda aparılan axtarış-xilasetmə əməliyyatları çərçivəsində 316 nəfər xilas edilib, 43 nəfər isə itkin düşmüş hesab olunur.
Qəzaya səbəb kimi texniki nasazlıq ehtimal edilir və hadisə ilə bağlı araşdırma davam edir.
Filippinlərdə tarixi boyunca çoxsaylı bərə qəzaları baş verib. 2023-cü ildə eyni marşrut üzrə həyata keçirilən bərə səyahətində baş verən yanğın nəticəsində 30-dan çox nəfər həyatını itirmişdi.
