Fransada Epstein işi ilə bağlı istintaq yeni qurbanları üzə çıxardı

Fransada milyarder iş adamı və cinsi istismar ittihamları ilə gündəmə gələn Ceffri Epşteynlə bağlı aparılan istintaq çərçivəsində yeni qurbanların müəyyən edildiyi açıqlanıb. Bildirilir ki, araşdırma zamanı təxminən 20 zərərçəkən şəxs müəyyən olunub və onlardan 10-u indiyədək məlum olmayan şəxslərdir. İstintaq çərçivəsində beynəlxalq hüquqi yardım da tələb edilib.

Referans MEDİA xəbər verir ki, Fransa mətbuatının yaydığı məlumata görə, Paris Respublika Prokuroru Lor Bekkau "RTL" radiosu və “Public Senat” kanalının birgə yayımladığı “Grand Jury” proqramında məsələ ilə bağlı açıqlama verib.

Prokuror bildirib ki, ABŞ-də ötən il ictimaiyyətə açıqlanan 3 milyondan çox Epşteyn sənədindən sonra Fransada “insan alveri” maddəsi üzrə genişmiqyaslı araşdırma başladılıb. Araşdırma nəticəsində 20-yə yaxın qurban müəyyən edilib və onların təxminən yarısı əvvəllər tanınmayan şəxslərdir.

Bekkau qeyd edib ki, müəyyən olunan şəxslərin bir hissəsi Epşteyn sənədlərində adı keçən model agentliklərinin keçmiş rəhbərləri Jan-Lük Brunel və Cerald Marinin qurbanları olub.

Prokurorun sözlərinə görə, bəzi şəxslər hazırda xaricdə yaşadığı üçün istintaqın davam etdirilməsi məqsədilə beynəlxalq yardım tələbi göndərilib.

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi bu ilin yanvar ayında Epşteynlə bağlı yeni sənədləri açıqlamışdı. Həmin sənədlərdə siyasət, biznes və şou-biznes dünyasından bir sıra məşhur şəxslərin adlarının keçməsi geniş rezonans doğurmuşdu. Bundan sonra Paris Prokurorluğu da sənədlərdə adı hallanan bəzi şəxslərlə bağlı araşdırmaya başlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki