Təcrübəli məşqçi Füzuli Məmmədov yenidən Azərbaycan Premyer Liqasında görünəcək. O, “Karvan” klubu ilə müqavilə bağlayıb. Yevlax təmsilçisi hazırda çempionatın autsayderidir. Füzuli müəllim bu il oxşar vəziyyətdə olub. Birinci Liqada oynayan “Mingəçevir” komandasını öhdəsinə götürəndə “energetiklər” turnir cədvəlinin ən son pilləsində idilər. Məhz Füzuli Məmmədovun komandaya baş məşqçi təyin edilməsindən sonra “Mingəçevir” rəqibləri üçün “asan yem” olmaqdan qurtulub “başağrısı”na çevrildi. Nəticədə komanda mövsümü 4-cü pillədə başa vurdu. Füzuli Məmmədovun indi də “Karvan”ı xilas edəcəyinə ümid böyükdür. Onun artıq komandanı məşqlərə çıxartdığı deyilir. Bildirilir ki, komandanın heyətini gücləndirmək üçün yanvar ayında futbolçu transferləri gözlənilir. Məşqçi heyəti isə dəyişməz olaraq qalır. Baş məşqçiyə təcrübəli futbol mütəxəssisləri Rafael Əmirbəyov, Mehman Yunusov və qapıçılarla işləyən məşqçi Rauf Mehdiyev kömək edəcək.
Mən bacarıqlı, təcrübəli futbol mütəxəssisi Füzuli Məmmədovu məşqçi olaraq beş illik fasilədən sonra yenidən Premyer Liqaya dönməsii münasibəti ilə təbrik edirəm. İnanıram ki, uğurunu ölkənin futbol elitasında da davam etdirə biləcək.
Sima Babayeva
