image-hamile_qadin_0296backend

Gec yaşda ana olanlara ŞAD XƏBƏR 

Ana olmaq üçün ən uyğun yaş məsələsi həm tibbi, həm də sosial baxımdan tez-tez müzakirə olunur.

Referans Media  xəbər verir ki, mütəxəssislərin fikrincə, bu sualın tək və qəti cavabı yoxdur.

Araşdırmalar isə göstərir ki, ideal yaş anlayışı biologiya ilə yanaşı, həyat şəraiti və psixoloji hazırlıqdan da asılıdır.

Böyük Britaniyanın Kral Mamalıq və Ginekologiya Kollecinin (Royal College of Obstetrics and Gynaecology) məlumatına görə, qadınlar üçün hamilə qalmaq üçün ən uyğun dövr 20-35 yaş arası hesab olunur. Bu yaş dövründə məhsuldarlıq yüksək olur, hamilə qalmaq daha asan baş verir və hamiləlik ağırlaşmaları riski nisbətən aşağı olur.

Bununla belə, son illərdə aparılan araşdırmalar daha gec yaşda ana olmağın da müəyyən üstünlüklərini üzə çıxarır. Danimarkanın ən böyük universitetlərindən biri olan “Orhus” Universitetində 4741 ana üzərində aparılan tədqiqat göstərib ki, 30 yaşdan sonra ana olan qadınların uşaqları 7 və 11 yaşlarında daha az davranış və emosional problemlərlə qarşılaşır.

Tədqiqatçılar bunu daha yaşlı anaların emosional baxımdan yetkin, səbirli və çevik olmaları ilə izah edir. Araşdırmaya görə, xüsusilə 33 yaşdan yuxarı analar uşaqlara qarşı daha yumşaq və balanslı yanaşma nümayiş etdirir, fiziki və ya sərt cəza üsullarından daha az istifadə edirlər.

Digər tərəfdən, Almaniyada yerləşən elmi tədqiqat təşkilatları şəbəkəsi olan “Maks Plank” İnstitutunda aparılan araşdırma da maraqlı nəticə ortaya qoyub. Belə ki, daha yaşlı analardan doğulan uşaqların idrak qabiliyyətlərinin daha yüksək olduğu müəyyən edilib. Bu isə onların gələcək təhsil və sağlamlıq göstəricilərinə müsbət təsir göstərə bilər.

Lakin yaş artdıqca müəyyən tibbi risklər də artır. 35 yaşdan sonra məhsuldarlıq tədricən azalır, xromosom anomaliyaları və hamiləlik dövründə diabet, yüksək təzyiq kimi problemlərin yaranma ehtimalı yüksəlir. 40 yaşdan sonra isə hamilə qalmaq şansı xeyli aşağı düşür və düşük riski artır. Buna baxmayaraq, müasir tibbin imkanları sayəsində daha gec yaşlarda da sağlam hamiləlik mümkündür.

Mütəxəssislər qeyd edir ki, erkən yaşlarda xüsusilə yeniyetməlik dövründə ana olmaq bioloji baxımdan mümkün olsa da, sosial və iqtisadi çətinliklər səbəbindən ideal hesab edilmir./sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki