GƏNC HƏKİMİN DƏNİZDƏ İTKİN DÜŞMƏSİNDƏN BİR AY KEÇDİ…

  Həmkarımız, jurnalist Ağanisə Sultanın əmisi oğlu, gəmidə həkim işləyən 33 yaşlı Tural Sultanovun itkin düşməsindən bir ay ötür.

Dəniz Turalın ikinci evi idi, yenicə aldığı evin də məzərəsi dənizə açılırdı…Tural dənizdə işləməyi özü seçmişdi. Həkim atası Hüseynağa Sultanov isə onun Almaniyada təhsilini, işini davam etdirməsini istəyirdi. Amma oğlunun seçiminə də etiraz etmirdi.

Tural həkim hadisədən bir gün əvvəl son dəfə anası Aygün xanımla danışıb: “Balam dənizin ortasında olduğundan bəzən danışanda əlaqə kəsilirdi, artıq buna öyrəşmişdik. Həmişəki kimi danışdı, yaxşı olduğunu dedi. Tural dənizə gedəndə yay idi. Havalar soyuduğundan isti geyimlərini ayırmışdım. Fikirləşdim ki, səhər zəng edəndə balama deyim sən oralarda üşüyəcəksən, gəmiyə gələn olacaqsa, geyimlərini göndərim… 63 gün idi, əslində bir ay dənizdə, bir ay evdə olurdu. Başqa həkim yoldaşının yerinə də işə çıxmışdı. Oktyabrın 12-15 arası qayıdacaqdı. Ən çox mənim bişirdiyim şorqağılını və peraşki istəyirdi. Turalım gələnə sevdiyi yeməkləri bişirib, süfrəyə düzəcəkdim…. Məni bu qədər intizarda qoymazdı balam…..”

Referans.az xəbər verir ki , Sentyabr ayının 27-si Turalın həkim kimi çalışdığı Leyla Şıxlinskaya klinikasından zəng edib, hadisənin baş verdiyini bildiriblər.

Turalın işlədiyi gəmi sahilə gələndən sonra ailəyə kamera görüntüləri göstərilib: “Arxadan, çox uzaqdan görüntülər var. Biz öndən çəkilən görüntüləri istəyəndə, əllərində olan ancaq budur dedilər. Arxadan gedir, göyərtəyə çıxır, dənizə düşür, üzdüyü yer də görünür, 3 dəqiqə sonra xilasedici qayıqlar suya buraxılır…. Bizə deyirlər ki, siz oz övladınızı arxadan, geyimindən tanımırsınız?… Mənim oğlum nədən özünü dənizə atsın, səbəb nə olub? Niyə öndən, yaxından çəkilmiş kamera görüntüləri yoxdur? Balam 17 yaşından xarici ölkələrdə gecəsini gündüzünə qatıb oxuyurdu, özünü inkişaf etdirirdi, dillər öyrənirdi. Ən son 5-ci dili ispan dilini öyrənirdi. İdmanla məşğul idi, peşəkar üzgüçü idi, dalğada, ən pis hava şəraitində belə dənizdə üzməyi bacarırdı. Paraşütdən tullanırdı, evə alıb qoyduğu yeni idman alətləri olduğu kimi durur, özü gəlib açacaqdı. Evi olsa da, dəniz mənzərəli yeni ev almışdı. Mənə dedi ki, öz zövqünə görə mətbəx mebeli sifariş ver, dənizdən qayıdandan sonra birlikdə gedib, ev əşyaları seçərik…. Turalımın arzuları vardı, bizim arzumuz isə Tural idi. Biz balamın nişanını, toyunu görmək arzusunda idik, indi səsinə, nəfəsinə, özünə həsrət qalmışam. Hava soyuqdur, balam dənizdə üşüyür…”

Ağanisə Sultan bildirir ki, Tural hadisədən bir gün əvvəl işlədiyi Leyla Şıxlinskaya klinikası ilə telefonla danışıb: “Həmin gün orada nə baş verib, Tural niyə klinikaya zəng edib, nə danışıb, sonra nə olub, heç nə bilmirik. Əgər intihar etmək fikrində olubsa, (birmənalı şəkildə bunu rədd edirik) nədən dənizdə geyindiyi ayaqqabıları çıxarıb, telefonu da yanına qoyub?…”Suallar çoxdur…

Xilasetmə əməliyyatları 5 gəmi və helikopterlə həyata keçirilib və müddətdən artıq aparılıb. Bu barədə davamlı olaraq ailəyə məlumat verilib.

Bir aydır, bütün ailənin, hamının gözü yoldadır… Tək istəkləri axtarışların nəticə verməsi və Turalın tapılmasıdır.

Sima Babayeva  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki