image-suni-intelektbackend

Gənclərin yeni “imtahanı”: Süni intellekt dövründə nələri bacarmalıdırlar?

Süni intellektin sürətlə inkişaf etdiyi və əmək bazarını köklü şəkildə dəyişdirdiyi bir dövrdə gənclərin hansı bacarıqlara sahib olması məsələsi getdikcə daha aktuallaşır. Avtomatlaşdırma, rəqəmsallaşma və yeni texnologiyalar bir çox ənənəvi peşəni transformasiya edərkən, eyni zamanda yeni imkanlar və tələblər də yaradır. Bu dəyişən reallıqda rəqabətədavamlı qalmaq üçün gənclərin özlərini daim inkişaf etdirməsi zəruri hesab olunur.

Bəs görəsən, gənclər hansı bacarıqlara fokuslanmalıdır ki, süni intellekt dövründə geridə qalmasınlar?

Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı süni intellekt mütəxəssisi Abdulla Abdullayev Sfera.az-a açıqlama verib.

Onun sözlərinə görə, süni intellekt (Sİ) ilə işləmə bacarığı müasir dövrdə ən vacib kompetensiyalardan biridir:

“Bu bacarıq Sİ alətlərindən düzgün nəticə almağı, effektiv prompt (sorğu) qurmağı və işi daha sürətli, məqsədli şəkildə görmək üçün onlardan səmərəli istifadə etməyi əhatə edir. Bununla yanaşı, analitik düşüncə bacarığı da önəmlidir. Məlumatları düzgün oxumaq, səbəb-nəticə əlaqələrini anlamaq və məntiqli qərarlar vermək bu sahədə uğur qazanmağa kömək edir”.

Müsahibimiz qeyd edib ki, digər mühüm bacarıqlara yaradıcı yanaşma, texniki savad və sürətli adaptasiya daxildir:

“Yaradıcı yanaşma standart düşüncədən kənara çıxaraq fərqli və dəyərli ideyalar tapmağa imkan verir. Texniki savad avtomatlaşdırma alətlərini anlamağı və sistemləri daha effektiv qurmağı təmin edir. Sürətli adaptasiya bacarığı isə yeni alətləri tez öyrənmək, dəyişikliklərə uyğunlaşmaq və daim inkişafda qalmaq üçün vacibdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki