Gərginlik bazara da sıçrayır – Onlayn alış-veriş bahalaşır

Yaxın Şərqdə artan gərginliyin qlobal iqtisadi proseslərə təsiri müzakirə olunur. Ekspertlər hesab edir ki, bu vəziyyət xüsusilə onlayn ticarət sektorunda özünü hiss etdirə bilər.

Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Yaxın Şərqdə artan gərginlik onlayn ticarətə dolayı, amma hiss olunan təsir göstərə bilər.

Onun sözlərinə görə, region qlobal enerji və əsas nəqliyyat marşrutlarının mərkəzində yerləşdiyi üçün risklər artdıqca ticarət axınlarında gecikmələr və qeyri-müəyyənlik yaranır. Bu isə xüsusilə beynəlxalq e-ticarət platformalarının çatdırılma planlamasına təsir edir.

İqtisadçı qeyd edib ki, belə vəziyyət beynəlxalq logistika və çatdırılma xərclərinin artmasına səbəb olur. Enerji qiymətlərinin yüksəlməsi, sığorta haqlarının bahalaşması və bəzi marşrutların dəyişdirilməsi daşınmanı daha baha və daha uzun edir. Məsələn, dəniz daşımalarında alternativ yollar seçildikdə həm vaxt, həm də yanacaq xərcləri artır.

Akif Nəsirlinin sözlərinə görə, nəticədə artan xərclər çox vaxt məhsul qiymətlərinə də yansıyır. Satıcılar əlavə logistika xərclərini kompensasiya etmək üçün qiymətləri qaldıra bilər ki, bu da e-ticarətdə ümumi bahalaşmaya səbəb olur. Xüsusilə idxaldan asılı məhsullarda bu təsir daha çox hiss edilə bilər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki