Google internetdə axtarış vərdişlərini dəyişdirəcək yeni süni intellekt funksiyalarını təqdim edib. Şirkət ənənəvi axtarış sistemini və Gemini adlı süni intellekt platformasını yeni texnologiya dövrünə uyğun yeniləyir.
Yeni sistemdə istifadəçilərin daha az axtarış edib daha effektiv nəticə əldə etməsi hədəflənir. Yenilənmiş axtarış bölməsi istifadəçilərə ChatGPT və Gemini ilə danışırmış kimi uzun və təbii cümlələrlə sorğu verməyə imkan yaradacaq.
Google-un təqdim etdiyi yeniliklər arasında istifadəçi adından internetdə araşdırma aparan “ağıllı agentlər” də yer alır. Bu agentlər müəyyən mövzuları izləyə, məlumat toplaya və istifadəçiyə təqdim edə biləcək.
Şirkət həmçinin Gemini üçün “Spark” adlı yeni rejimi istifadəyə verib. Bu sistem arxa planda işləyərək elektron poçtları, kredit kartı çıxarışlarını izləyə, xülasələr və görüləcək işlər siyahısı hazırlaya biləcək.
Google bildirir ki, bu yeniliklər süni intellektin daha inkişaf etmiş mərhələsi sayılan “Süni Ümumi Zəka” (AGI) hədəfinə yaxınlaşmaq məqsədi daşıyır.
Bununla yanaşı, şirkət süni intellekt sahəsində rəqabətin sürətlə artdığını da etiraf edib. Hazırda korporativ süni intellekt bazarında OpenAI və Anthropic kimi şirkətlər Google-u qabaqlayır.
Alphabet-in baş direktoru bildirib ki, Gemini platformasının artıq 900 milyondan çox aktiv istifadəçisi var və şirkət bu il süni intellekt infrastrukturu üçün 180-190 milyard dollar sərmayə yatırmağı planlaşdırır.
