İsrailin İranı bombardman etməsi nəticəsində yüzlərlə iranlı nicatı Türkiyədə tapmağa çalışır. Sosial şəbəkələrdə quru yolu vasitəsilə insanların tək keçə biləcəyi yer hazırda Türkiyə olduğu üçün çoxsaylı köç müşahidə olunduğu deyilir. Xüsusilə ötən gecə Tehran bombalandıqdan sonra şəhərin demək olar ki boşaldıldığı bildirilir.
Lakin rəsmi olaraq Türkiyə tərəfi belə bir vəziyyətin yaşanmadığını deyir.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin nəzdindəki Dezinformasiya ilə Mübarizə Mərkəzi yazılı açıqlamasında bildirib ki, Türkiyə sərhəddi güvəndədir.
“Bəlli qruplar tərəfindən sosial mediada paylaşılan “İrandan Türkiyəyə köç dalğası başlanıldı” iddiyası yalandır. İsrailin İrana hücumundan sonra bəzi sosial media hesablarından paylaşılan məlumatlar dezinformasiyadır. Daxili İşlər Nazirliyimiz Türkiyə-İran sərhəddində hər hansı sıxlıq, fövqəladə bir hərəkətlilik, yaxud nizamsız köç axını müşahidə olunmadığını bildirir”.
Əlavə olaraq qeyd olunur ki, Türkiyə-İran sərhədi ən müasir texnologiya ilə təchiz edilib və 7/24
mühafizə olunur.
İranda qalan ailə üzvlərinin aqibəti məlum deyil, əlaqə qurmaq mümkün deyil
“Haber Türk” kanalının verdiyi məlumatda isə bildirilir ki, İran tərəfdən Türkiyəyə keçid edənlər var. Amma onlar qorxub axın edənlər deyil, rutin olaraq işlə əlaqədar gələnlərdir. Əsasən təhlükəli yerləri öz ölkələri daxilində tərk edib, nisbətən təhlükəsiz yerlərdən uzaqlaşırlar.
Maraqlısı odur ki, əks tərəfə – İrana da getmək istəyənlər az deyil. Türkiyə-İran sərhədinin Van Kapıköy Nəzarət məntəqəsində böyük hərəkətlilik müşahidə olunur. Yəni İrandan qaçmır, əksinə İrana qayıdırlar. Təbrizdən Türkiyəyə ən yaxın hesab olunan Van sərhədində (təxmini 230 km) sıxlıq müşahidə olunur. Məlumata görə köç edənlər mərkəzi ərazilərə olmasa da, Təbriz və ya Tehran ətrafı daha az təhlükəli yerlərə qayıtmaq niyyətindədirlər. İnsanlar orda qalan ailə üzvlərinin, qohumlarının aqibətindən narahatdırlar. Heç cür telefon əlaqəsi saxlaya bilmirlər.
Qeyd edək ki, Türkiyədə olan İran vətəndaşlarının bəziləri turist olaraq, bəziləri tələbə kimi və ya qohumlarına baş çəkməyə gələnlərdir.