Bakıda son günlər müşahidə olunan güclü yağışlar bir daha şəhər infrastrukturundakı boşluqları üzə çıxarıb. Mütəxəssislər hesab edir ki, yaranan mənzərənin arxasında illərlə yığılıb qalan sistem problemləri dayanır.
Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ilk növbədə infrastrukturun yenilənməsi, yağış kanalizasiyası sisteminin yenidən qurulması və drenaj sisteminin müasirləşdirilməsi istiqamətində addımlar atılmalıdır.
Onun sözlərinə görə, hər hansı bir şəhərin salınmasında kanalizasiya və drenaj sisteminin düzgün qurulması olduqca mühüm əhəmiyyət daşıyır:
“Çünki bu sistem olmadıqda və yaxud da köhnəldikdə, öz funksiyasını yerinə yetirmədikdə sonradan yağış suları məhz bu cür problemlərin yaranmasına səbəb olur.”
Vüqar Oruc qeyd edib ki, relyefi çökəklik olan, su yığılması və gölməçələrin yaranması ehtimalı yüksək olan ərazilərlə bağlı daha diqqətli yanaşma sərgilənməlidir:
“Bu baxımdan düşünürəm ki, ciddi şəkildə sistemlərin yenilənməsi prosesinə start verilməlidir. Hansı ki ərazinin relyefi çökəklikdir, hansı ki su yığılma, gölməçələrin yaranma ehtimalı var, həmin ərazilərin doldurulması və yaxud da tikinti sahələrinin seçimində həmin sahələrin seçilməsinə icazə verilməməsi təmin edilməlidir.”
Ekspert bildirib ki, plansız tikililər və asfaltlaşma ilə bağlı problemlər də mövcud vəziyyətə təsir edən əsas amillərdəndir. Onun fikrincə, tikinti zamanı relyef mütləq nəzərə alınmalıdır:
“Relyefin tikinti üçün vacib əhəmiyyət kəsb etdiyini hər birimiz bilirik. O baxımdan çalışmaq lazımdır ki, tikintiyə icazə verildikdə və yaxud da özbaşına müəyyən tikililər tikildikdə mütləq relyef nəzərə alınsın.”
Vüqar Oruc vurğulayıb ki, hazırda özbaşına tikililərlə bağlı ciddi mübarizə aparılır və bu tikililərə kommunal xətlərin çəkilməsinə qadağa qoyulub. Onun sözlərinə görə, bu yanaşma gələcəkdə müəyyən problemlərin qarşısını ala bilər:
“Bu da yəqin ki, gələcəkdə bu tip problemlərin yaranmasına müəyyən qədər maneə yaradacaq. Amma indiyə qədərki problemlər, indiyə qədərki icazəsiz tikililər artıq həyata keçirilib və nəticədə çox qısa zamanda plansız tikinti ilə biz üz-üzəyik. Belə olduğu halda bu cür problemlərin təkrar olunacağına şübhə yoxdur.”
Ekspert əlavə edib ki, bəzi ərazilərdə köhnə və zəif kanalizasiya sisteminin olması, elektrik infrastrukturunun zəifliyi, eləcə də rayonlardan Bakıya plansız və proqramsız şəkildə yeni iş yerləri üçün axının artması urbanizasiya təzyiqini artırıb və nəticədə ciddi çətinliklər yaranıb.
Onun fikrincə, bu problemlərin aradan qaldırılması üçün idarəetmə sistemində də dəyişikliklərə ehtiyac var:
“Mən düşünürəm ki, bütün bu problemlərin həll edilməsi üçün, nə qədər qəribə olsa da, müvafiq icra strukturlarından daha çox bələdiyyələrə üstünlük verilməlidir. Nəhayət, nə qədər gec olsa da, paytaxt şəhərin Böyük Şəhər Bələdiyyəsinin qurulmasına ehtiyac var.”
Vüqar Oruc bildirib ki, hazırda müxtəlif qurumlar arasında səlahiyyət bölgüsü və məsuliyyətin bir-birinin üzərinə atılması problemin həllini çətinləşdirir. Bu baxımdan, vahid mexanizmlə işləyən güclü bələdiyyə modelinin yaradılması vacib hesab olunur:
“Bu qədər problemlərin icra qurumlarında, müvafiq təşkilatlarda olması və onların da problemin həllini bir-birinin üzərinə atmasındansa, vahid mexanizmlə bələdiyyə sistemini gücləndirmək və paytaxt şəhər baş bələdiyyəsinin struktur olaraq yaradılmasına çox böyük zərurət var.”
Ekspertin sözlərinə görə, həmin struktur bu tip problemlərin həlli istiqamətində konkret və çevik addımlar ata bilər.
O, sonda qeyd edib ki, gələcəkdə oxşar problemlərin qarşısını almaq üçün qanunsuz və plansız tikililərin inşasına mane olunmalı, infrastruktur yenilənməli, drenaj və kanalizasiya sistemləri müasirləşdirilməli, eyni zamanda ictimai nəzarət gücləndirilməlidir:
“Mütləq idarəetmə sisteminin dəyişilməsi ən vacib məsələdir. Yəni, bələdiyyə statusu, bələdiyyə səlahiyyəti, Böyük Şəhər Bələdiyyəsinin yaranması bu problemlərin həllində çox ciddi addım ola bilər.”
Gülnaz Abdullazadə.























