Türkiyənin Yalova vilayətində müğənni Güllünün yaşadığı binanın 6-cı mərtəbəsindən yıxılaraq həyatını itirməsi ilə bağlı aparılan istintaqda yeni detallar üzə çıxıb.
Referans Media Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq çərçivəsində Güllünün qızı Tuğyan Ülkem Gülterin həbs edilməsindən sonra bu dəfə oğlu Tuğberk Yağız Gülter şikayətçi qismində prokurorluğa çağırılıb.
Vəkili ilə birlikdə Yalova Ədliyyəsinə gələn Tuğberk Yağız Gülter təxminən 5 saat davam edən ifadə verib. İfadəsindən sonra jurnalistlərin suallarını cavablandırmayan Gülter yalnız “Lazımi açıqlamaları verdim, bildiklərimi danışdım. Bundan sonrakı açıqlamaları vəkillər verəcək” deməklə kifayətlənib.
Prokurorluqdakı ifadəsində hadisə gecəsi İstanbulda olduğunu bildirən Gülter deyib ki, gecə saatlarında bacısı onu zəng edib, qışqıraraq “Yağız, gəl, anam yıxıldı, anam öldü deyirlər” – deyib. Bundan sonra dərhal mənəvi atası Emrah Erkuta zəng etdiyini, onunla birlikdə Yalovaya getmək istədiyini, lakin yolda istiqaməti itirdiyini bildirib. Daha sonra qonşuları Murat adlı şəxslə əlaqə saxladığını və ondan anasının vəziyyətini soruşduğunu deyən Gülter qonşunun əvvəlcə “buraya gəlməlisən” dediyini, bir qədər sonra isə “başın sağ olsun” sözlərini işlədiyini bildirib.
Gülter deyib ki, anası hündürlükdən hər zaman qorxub və “atacağam” ifadəsi bacısına aid olub.
Tuğberk Yağız Gülter evdə quraşdırılmış təhlükəsizlik kameraları ilə bağlı da mühüm açıqlamalar verib. Onun sözlərinə görə, kameraları onlayn izləmək imkanı olub və polisə görüntülərin necə əldə edilə biləcəyi barədə ətraflı məlumat verib. Gülter bildirib ki, anasının evində aktiv vəziyyətdə 5 kamera olub, bəzi kameralar isə quraşdırılmamış vəziyyətdə qalıb.
İfadədə diqqət çəkən məqamlardan biri də Güllünün psixoloji vəziyyəti və ailədaxili münasibətlər olub. Oğlu qeyd edib ki, anası ilə bacısı arasında tez-tez mübahisələr yaşanıb, lakin bu mübahisələr heç vaxt fiziki zorakılığa çevrilməyib. Gülter, həmçinin anasının mütəmadi olaraq spirtli içki qəbul etdiyini, demək olar ki, hər gün alkoqollu içkilər sifariş verdiyini deyib.
Bacısı Tuğyan Ülkem Gülteri hadisədən sonra xəstəxanada gördüyünü bildirən Gülter, onun huşsuz vəziyyətdə olduğunu, ayıldıqdan sonra isə “anam reanimasiyadadır, hələ sağ olduğunu de” dediyini söyləyib. Gülter isə bu zaman bacısına “başın sağ olsun” dediyini, bundan sonra bacısının yenidən huşunu itirdiyini qeyd edib.
İstintaq çərçivəsində adı keçən digər şəxslərlə bağlı da danışan Gülter, Sultan Nur Ulu adlı şəxsi ilk dəfə hadisə günü gördüyünü, anasının keçmiş meneceri və köməkçisi Çiğdem E. ilə anası arasında son dövrlər yaxın münasibət yarandığını bildirib. Onun sözlərinə görə, bu yaxınlaşma əvvəlki mübahisələrdən sonra formalaşıb.
Müğənni Güllünün ölümü ilə bağlı araşdırmalar davam edir. Hüquq-mühafizə orqanları hadisənin intihar, qəza və ya başqa bir səbəbdən baş verib-vermədiyini müəyyənləşdirmək üçün ifadələri və texniki sübutları araşdırır.






















