"Fənərbaxça" prezidentliyinə namizəd Hakan Safi seçki öncəsi verdiyi açıqlamalarla gündəmə gəlib.
Referans Media xəbər verir ki, o, komanda üçün dünya səviyyəli futbolçular transfer etməyi hədəflədiyini bildirib.
Safi qeyd edib ki, ona təklif olunan iki futbolçu “kifayət deyil” və bu səbəbdən həmin adları rədd edib. Onun sözlərinə görə, "Fənərbaxça" daha böyük ulduzlarla gücləndiriləcək.
Hakan Safi çıxışında bildirib: “Fənərbaxça üçün bir ulduz kifayət deyil. Rəqiblərin dizini titrədəcək heyət quracağıq.”
Namizəd komandanın həm qısa müddətdə çempionluğa, həm də uzunmüddətli uğurlara fokuslanacağını vurğulayıb.
"Fənərbaxça" üçün ilk mövsümdə çempionluq vədi verən Safi, yalnız transferlər deyil, klubun infrastruktur və idarəetmə sistemində də ciddi dəyişikliklər planladığını bildirib.
O, həmçinin "Fənərbaxça"nın gələcəyini formalaşdıracaq güclü və peşəkar idarəetmə modeli quracaqlarını qeyd edib.
