Azərbaycanın bölgələrində havaların erkən soyuması, güclü yağışların yağması, hətta bəzi dağlıq ərazilərdə qar yağması müşahidə edilir. Hazırda əhalini ən çox narahat edən məsələlərdən biri qeyri-sabit və soyuq hava şəraitinin kənd təsərrüfatı məhsullarının yetişməsinə mənfi təsir etməsi ehtimalıdır. Əgər dəyişən hava şəraitinin mənfi təsiri olarsa qarşıdakı aylarda kənd təsərrüfatı mallarının qiymətində artım qaçınılmaz olacaq.
Referans.az xəbər verir ki , Kənd təsərrüfatı eksperti Cəfər İbrahimli Sfera.az-a bildirdi ki, hazırda əkin ərazilərindəki məhsullar yığılıb və təkrar əkin heyvanlar üçün nəzərdə tutulub:
“Ölkəmizdə hazırda əkin aparılan ərazilərdə əkilən məhsulların böyük əksəriyyəti yığılıb. Sadəcə bu gün həmin ərazilərdə təkrar əkin olaraq heyvan yemi üçün nəzərdə tutulan bitkilərdir. Bunun əsas hissəsi isə qarğıdalıdır. Bundan başqa ölkəmiz üçün strateji əhəmiyyətə sahib olan pambıq əkinləri mövcuddur ki, yığımına bir aydan çox vaxt var. Bu dövrdəki yağışların qarğıdalı və pambıq üçün hər hansı mənfi təsiri olmayacaq. Sadəcə vegetasiya dövrünü uzada bilər. Bu da çox əhəmiyyətli deyil. Çünki yanvar ayına qədər pambıq yığımı həyata keçirilə bilir. Ola bilər ki, dağlıq və dağ ətəyi zonalarda hər hansı tərəvəz məhsulları az miqdarda yığımı yarımçıq qala bilər. Bunun çox ciddi bir mənfi təsiri olmayacaq. Eyni zamanda bu hava şəraitinin bağçılıq üçün heç bir mənfi təsiri yoxdur”.
Ekspert yağışların heyvandarlığa təsirindən də söz açıb:
“Digər tərəfdən isə bu tipli yağışların heyvandarlıq üçün müsbət təsiri var. Otlaq sahələrində ot örtüyünün yaxşılaşmasına səbəb olacaq. Digər bir vacib məsələ isə yaxın zamanlarda ölkəmizin əsas ərazilərində arpa-buğda əkiləcək. İndiki yağışlar əkin zamanı müsbət təsirini göstərəcək”.
