image-ehali1backend

“Heç kimə “rayona qayıdın” deyə bilmərik”

Son illər regionlardan paytaxta doğru artan miqrasiya axını artıq yalnız demoqrafik göstəricilərdə deyil, rayonların gündəlik həyat ritmində də açıq şəkildə hiss olunur. Sosial şəbəkələrdə paylaşılan son görüntülər bu tendensiyanı bir daha gündəmə gətirib. Belə ki, ölkənin bəzi rayonlarında axşam saat 9 olmasına baxmayaraq mağazaların, kafe və restoranların fəaliyyətini dayandırdığı, küçələrin isə demək olar ki, tamamilə boş qaldığı müşahidə olunur. Hətta bəzi ərazilərdə yollardan avtomobil keçmədiyi belə qeyd edilir. Bu mənzərə regionlardan Bakıya sürətlə artan köçün təsirlərini və səbəblərini yenidən müzakirə mövzusuna çevirib.

Sosioloq Naib Niftəliyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına və insan hüquqları üzrə beynəlxalq sənədlərə əsasən, hər bir vətəndaş yaşadığı ölkədə yaşayış yerini, fəaliyyət sahəsini və karyera istiqamətini sərbəst seçmək hüququna malikdir:

“Biz heç bir halda insanlara “rayona qayıdın” və ya “Bakıda yaşamayın” deyə bilmərik. Bu baxımdan, əgər yaşayış şəraiti və imkanları Bakıda daha yüksəkdirsə, təbii olaraq paytaxta və digər iri şəhərlərə məsələn, Gəncə və Sumqayıta bölgələrdən axın baş verəcək. Bu proses qaçılmazdır və təbii xarakter daşıyır. Əks-mərkəzləşmə isə yalnız regional şəhərlərin inkişafı ilə mümkün ola bilər. Məsələn, Xaçmazın 400 minlik şəhərə çevrilməsi halında, Quba-Xaçmaz regionunda yaşayan 700 mindən çox əhalinin müəyyən hissəsi həmin şəhərdə cəmləşə bilər. Digər hissə isə yaxın ərazilərdə işləyib, axşam öz yaşayış ünvanına qayıtmağı daha məqsədəuyğun sayar və beləliklə, Bakıya yönəlməz. Eyni yanaşmanı Naxçıvan, Lənkəran və digər sosial-iqtisadi regionların mərkəzlərinə də tətbiq etmək olar. Yəni mərkəzləşmənin qarşısını almaq və balans yaratmaq üçün regionlarda urbanizasiya və şəhər infrastrukturunun inkişafı əsas şərtdir. Paytaxtdan qismən geri dönüş yalnız bu halda mümkündür. Əks təqdirdə, “insanları necə qaytaraq?” sualı cavabsız qalacaq və real nəticə əldə olunmayacaq”.

O bildirib ki, inzibati tədbirlər bu məsələdə effektiv deyil, əksinə, kölgə iqtisadiyyatını stimullaşdıra bilər:

“Buna görə də, yanaşma inzibati deyil, iqtisadi və sosial-psixoloji təşviq mexanizmlərinə əsaslanmalıdır. Regionlarda təhsil və elm müəssisələrinin yaradılması, iqtisadi fəaliyyətin genişləndirilməsi, sahibkarlığın inkişafı və rifaha yönəlmiş sosial siyasət bu prosesin əsas hərəkətverici qüvvələridir. Bu tədbirlər bir-birini tamamlayan və əlaqəli istiqamətlərdir. Əgər geri dönüşü təmin etmək istəyiriksə, regionlarda Bakı, Sumqayıt və Gəncə ilə müqayisədə daha əlverişli şərtlər və imkanlar təqdim olunmalıdır. İnsanlar üçün iqtisadi imkanlar, karyera perspektivləri, gəlir əldə etmək şəraiti, rahatlıq və təhlükəsizlik daha effektiv və sistemli şəkildə təmin edildikdə, regionlardan paytaxta axın təbii olaraq azalacaq. Bu, tam geri dönüş olmasa belə, ən azı axının dayanmasına və şəhərlərin daha balanslı inkişafına şərait yaradacaq. Əslində burada qeyri-adi və ya mürəkkəb mexanizm yoxdur. Sadəcə, müxtəlif sosial-mədəni fərqlər və baxışlar mövcuddur. Azərbaycan böyük ölkə deyil, insanlar bir-birinə yaxın, mental baxımdan isə böyük ölçüdə oxşardır. Urbanizasiya prosesi artıq hər kəsi bu və ya digər formada əhatə edib. İnternet dövründə insanlar həm şəhər, həm kənd, həm də regional mədəniyyətlər barədə məlumatlıdır. Əsas problem iqtisadi motivasiya, sosial-iqtisadi fərqlər və sahibkarlığın inkişafında mövcud olan obyektiv və subyektiv çətinliklərlə bağlıdır. Bununla yanaşı, regiondakı iqtisadi və qlobal təhlükəsizlik faktorları da bu prosesə təsir edir. İnsanları regionlara qaytarmaq üçün onlara sabitlik, iqtisadi imkanlar, iş yerləri, mülkiyyət hüququnun təminatı və ümumilikdə rahat yaşayış şəraiti təqdim olunmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki