“Hədəf” liseyinin direktoru Şəmil Sadiq rəhbərlik etdiyi təhsil müəssisəsində yeni tədris ilindən etibarən 1-ci siniflər üçün rus bölməsinə qəbul olmayacağını bildirib. Qərar “Hədəf” liseyinin yarımillik iclasında açıqlanıb və geniş müzakirəyə səbəb olub. Şəmil müəllim bu addımı rus bölməsinə tələbatın azalması və liseyin bilingval — Azərbaycan–ingilis dilli təhsil modelinə keçidi ilə əlaqələndirir. Bundan sonra rus dili ikinci xarici dil kimi təklif olunacaq və bu dili öyrənmək istəyənlər üçün imkan yaradılacaq. Hazırda rus bölməsində təhsil alan şagirdlər isə 2-ci sinifdən etibarən əvvəlki proqramla oxumağa davam edəcəklər. Qərar yalnız yeni “birinci”lərə şamil olunacaq. Bundan başqa, yeni tədris ilindən 2–9-cu siniflərdə təhsil alan ingilis və rus bölmələrinin şagirdləri Azərbaycan bölməsində istifadə olunan Azərbaycan dili dərsliyindən yararlanacaqlar.
“Hədəf” liseyinin bu qərarını inqilabi dəyişiklik adlandıranlar da var. Həqiqətən də bu çox mühüm addımdır. Fikrimcə bizi rus asılılığından xilas edə biləcək hər bir hərəkət təqdir olunmalıdır. Elm və Təhsil Nazirrliyi “Hədəf”in bu missiyasını orta məktəblərdə də tətbiq etsə, çox yaxşı olar. Həmçinin, ölkəmizdə fəaliyyət göstərən digər təhsil ocaqları da Şəmil Sadiqin təşəbbüsünə qoşulub gələcəyimizi düşünməlidilər.
Bu qərarı bəyənənlərlə yanaşı, bəyənməyənlər də az deyil. Bu da gözlənilən idi. Mən rus xalqına, rus dilinin öyrənilməsinə pis baxmıram. Nə qədər çox dil bilsək, bir o qədər qazancdır. Amma bəzi qul psixologiyalı adamlar rus dilini öyrənməklə rusdilli olmağı qarışdırırlar. Elə Azərbaycan ailələri var ki, rus dili onlarda öz doğma dilləri kimi işlənir. Çünki belə insanlar rusca danışmaqdan savayı, rusca da fikirləşirlər. Məhz belələri üçün rus dilinin tədrisinə müəyyən məhdudiyyətlərin qoyulması faciə kimi görünür. Belələrindən elə Rusiyanın 5-ci kolonu üçün yaxşı namizədlər də yetişir. Gözümüzün qabağında Ramiz Mehdiyev və onun qaragüruhçu əlaltıları buna əyani misaldır.
Dilini bəyənməyən özünü də bəyənməməlidur. Əgər bu ona fərq etmirsə, deməli belə insanın qanı təmiz deyil. Biz belə adamların maneələri ilə hələ çox rastlaşacayıq. Əsas odur ki, malik olduqlarımıza sahib ola bilək.
Sima Babayeva






















