“Sulak çayının mənsəbindən Terek çayına qədər 322 suiti cəsədi aşkar edilib”, – deyən mənbə aşkar edilən ölü heyvanların sayının arta biləcəyini qeyd edib.
Bundan əvvəl Dağıstan Təbii Sərvətlər Nazirliyinin teleqram kanalı xəbər verib ki, nazirliyə suitilərin ölümü ilə bağlı xəbərlər daxil olmağa başlayıb. Nazirlik qeyd edib ki, mütəxəssislər sahil zolağında yerində araşdırmaya başlayıblar.
Nazirlik əlavə edib ki, Xəzər suitilərinin tələfi hər il məməlilərin miqrasiya dövründə baş verir. Alimlər hesab edirlər ki, bu hadisənin əsas səbəbi seysmik aktivliklə bağlı olan dəniz dibindən təbii qazın ayrıldığı ərazilərdən keçərkən heyvanların boğulmasıdır.
Xəzər suitisi və ya nerpası Xəzər dənizində yaşayan yeganə məməli heyvandır. 2008-ci ildə Beynəlxalq Təbiəti Mühafizə Birliyi onu təhlükə altında olan heyvanlar siyahısına daxil edib.
Qeyd edək ki, noyabrın əvvəlində Xəzərin Qazaxıstan sahillərində 200-ə yaxın Xəzər suitisinin cəsədi aşkar edilib.
Ümumiyyətlə Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycan tərəfindən hansı addımlar atılır? Həm flora həm də faunanın da nəzərə alaraq bu sahədə ekoloji durum necədir?
Mövzuyla bağlı Ekoloq Rövşən Abbasov REFERANS-ın suallarını cavablandırıb:
İlk olaraq Ekoloq Rövşən Abbasov bildirib ki,Xəzər suitilərinin artan ölümü bir-biri ilə əlaqəli ekoloji və antropogen təzyiqlərin nəticəsidir. Dənizin səviyyəsinin azalması və kilkə balığının kəskin azalması suitilərin qidalanmasını zəiflədir, bu da onların immun sistemini çökdürür. Zəifləmiş heyvanlar arasında virusların – xüsusilə distemper tipli xəstəliklərin – yayılması kütləvi tələfat yaradır. Buna əlavə olaraq, dənizin neft və sənaye tullantıları ilə çirklənməsi suitilərin orqanizmini zəhərləyir və çoxalma qabiliyyətini məhdudlaşdırır. Balıqçılıq torlarına ilişmə və buz örtüyünün azalması kimi insan təsirləri də onların həyat dövrünü zədələyir. Son illər müşahidə olunan daha bir faktor isə metanla boğulma riskidir: dənizin dibindəki təbii qaz çıxışlarından və ya çirklənmə səbəbi ilə səthə qalxan metan kisəcikləri suitilərin nəfəs aldığı zonada oksigeni sıxışdıraraq boğulma hallarını artırır. Bütün bu amillər birlikdə suitilərin Xəzərdə ağır ekoloji stress altında sürətlə məhv olmasına gətirib çıxarır,-deye Rövşən Abbasov əlavə edib.
Referans Media
