Hər kəs bu tarixi gözləyir! Mayın 26-da nələr baş verəcək?

Azərbaycanda quru sərhədlərinin açılması ilə bağlı yayılan məlumatlar gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə Gürcüstanla sərhədlərin mayın 26-da açılacağı barədə iddialar ictimai marağı daha da artırıb.

Mövzu ilə bağlı Referans Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, məsələ ilə bağlı hələlik rəsmi qərar yoxdur və yayılan informasiyalar təsdiqlənməyib.

Onun sözlərinə görə, ölkə əhalisinin ən böyük arzularından biri quru sərhədlərinin açılmasıdır:
“Bu, həm vətəndaşların asudə vaxtını keçirməsi, turizm məqsədilə qonşu ölkələrə səfər etməsi, həm də iqtisadi aktivliyin artması baxımından çox önəmli məsələdir.

Mayın 26-da Gürcüstanla quru sərhədlərinin açılması ilə bağlı yayılan informasiyalar hələ rəsmi şəkildə təsdiqlənməyib. Bildiyiniz kimi, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən karantin rejimi iyulun 26-dək qüvvədədir. Həmin tarixdə karantin müddəti ilə bağlı növbəti qərar qəbul ediləcək.

Əgər karantin müddəti yenidən uzadılarsa, quru sərhədləri də bağlı qalacaq. Gürcüstanla sərhədlərin açılması üçün isə ayrıca və xüsusi qərarın verilməsi mümkündür. Eyni zamanda, karantin rejimi qüvvədə qalsa belə, müəyyən istisnalar tətbiq edilərək konkret ölkə ilə quru sərhədlərinin açılması variantı nəzərdən keçirilə bilər.

Hazırda yayılan məlumatlar müxtəlif tərəflərdən təsdiqlənsə də, rəsmi qərar yoxdur. Nazirlər Kabinetinin qərarında dəyişiklik və ya istisnalar edilərsə, ayrıca götürülmüş bir ölkə ilə quru sərhədləri açıla bilər.

Əks halda, digər qonşu ölkələrlə sərhədlər bağlı saxlanılacağı halda yalnız Gürcüstanla sərhədlərin açılması üçün Nazirlər Kabinetinin qərarına xüsusi istisna maddəsi əlavə edilməlidir.

Düşünürəm ki, bu, hələlik xoş niyyət və gözləntidir. Rəsmi təsdiqini tapana qədər məlumatlara yekun qərar kimi yanaşmaq düzgün olmaz.

Digər qonşu ölkələrlə sərhədlərə gəlincə, əgər karantin rejimi iyulun 26-da və ya ondan əvvəl ləğv olunarsa və müddət uzadılmazsa, quru sərhədlərinin açılmasında hər hansı problem yaranmaz.

Mən bu məsələdə rəsmi qərarlara əsaslanmağın tərəfdarıyam. Hazırda Nazirlər Kabinetinin quru sərhədlərinin açılması ilə bağlı ayrıca qərarı yoxdur və qüvvədə olan karantin qaydaları bütün sərhədlərə eyni şəkildə şamil edilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki