Uzun müddətdir ki, Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında qatarların hərəkəti keçid yolu ilə təşkil olunur. Bu isə xüsusilə pik saatlarda sərnişinlərin əlavə vaxt itirməsinə və narahatlığa səbəb olur. Stansiyada hərəkətin nə vaxt tam fasiləsiz bərpa ediləcəyi isə ən çox maraq doğuran məsələlərdən biridir.
Məsələ ilə bağlı Bakı Metropoliteni Referans Media-nın sorğusunu cavablandırıb. Qurumdan bildirilib ki, “Həzi Aslanov” stansiyası 1981–1987-ci illərdə mürəkkəb mühəndis-geoloji və hidrogeoloji şəraitə malik ərazidə inşa edilib. Sonrakı dövrlərdə tikinti prosesində yaranan fasilələr, ərazidə hidrogeoloji vəziyyətin dəyişməsi və qrunt sularının təsiri nəticəsində stansiya infrastrukturunda müəyyən aşınmalar meydana gəlib.
Məhz bu amillər nəzərə alınaraq, 30 noyabr 2024-cü il tarixindən etibarən stansiyanın dalan yolunda planlı əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Təmir çərçivəsində dalan yolunda izolyasiya qatları yenilənir və gücləndirilir, konstruksiyalar tamamilə yenidən qurulur, infrastruktur isə daha dayanıqlı vəziyyətə gətirilir.
Qeyd olunub ki, dalan yolunun tikintisinin 2026-cı ilin sentyabr ayının sonuna qədər başa çatdırılması planlaşdırılır.
“Həzi Aslanov” stansiyasının yenidənqurulması isə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, stansiyaya keçid funksiyası daşıyacaq “Y-17” stansiyasının inşası dövründə həyata keçiriləcək.
