Honduras qan gölünə çevrildi: 24 ölü, ölkə şoka düşdü

Mərkəzi Amerika dövləti olan Honduras növbəti dəfə silahlı zorakılıqla gündəmə gəlib. Ölkənin şimalında təşkil olunmuş iki ayrı hücum nəticəsində 24 nəfər həyatını itirib. Ölənlər arasında 6 polis əməkdaşı və 18 mülki şəxs var.

Referans Media xəbər verir ki, hadisələrdən biri Truxillo bölgəsində baş verib. Silahlı şəxslər kənd təsərrüfatı işçilərinə atəş açıblar. Eyni saatlarda Qvatemala sərhədinə yaxın Omoa bölgəsində isə polislərə pusqu qurulub.

Honduras prokurorluğunun sözçüsü Yuri Mora bildirib ki, hadisə yerlərində araşdırmalar davam edir. Onun sözlərinə görə, ilkin mərhələdə 13 nəfərin kimliyi müəyyənləşdirilib, digər hücumda isə 6 nəfərin öldüyü qeydə alınıb.

Qətliamın baş verdiyi Riqores kəndi yaxınlığında yaşayan sakinlər bölgədə təhlükəsizliyin tamamilə yox olduğunu deyirlər. Yerli icma rəhbərlərindən biri bildirib ki, ətrafda silah səsləri demək olar ki, səngimir və insanlar artıq daim qorxu içində yaşayırlar.

Gerzon Velaskez isə açıqlamasında hücumların uzun lüləli silahlarla həyata keçirildiyini deyib. O, hadisəni “dəhşətli faciə” adlandıraraq qeyd edib ki, bölgə uzun illərdir narkotik qaçaqmalçılığı ilə məşğul olan silahlı dəstələrin və torpaq mübahisələrinin mərkəzinə çevrilib.

Qeyd edək ki, bu qanlı hadisələr Honduras Milli Konqresi tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı yeni təhlükəsizlik islahatlarının qəbul edildiyi həftədə baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki