ABŞ mətbuatında yayılan məlumatlara görə, Hörmüz Boğazında yerləşdirildiyi iddia edilən minaların tam şəkildə təmizlənməsi təxminən 6 ay vaxt apara bilər. Bildirilir ki, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan gərginlik tam bitmədən bu prosesin həyata keçirilməsi çətin görünür.
Referans Media xəbər verir ki, “Vashington Post” qəzetinin adı açıqlanmayan üç rəsmi mənbəyə istinadən yaydığı xəbərə görə, Pentaqonun yüksək vəzifəli bir nümayəndəsi ABŞ Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsi üzvlərinə qapalı brifinq təqdim edib. Brifinqdə Hörmüz Boğazında minaların təmizlənməsi üçün ehtimal olunan vaxt çərçivəsi müzakirə olunub.
Məlumata əsasən, prosesin 6 aya qədər uzana biləcəyi, həmçinin bölgədəki münaqişə tam başa çatmadan bu işə başlanmasının çətin olduğu qeyd edilib.
Rəsmilərin iddiasına görə, Konqres üzvlərinə İranın Hörmüz Boğazı ətrafında 20 və ya daha çox mina yerləşdirmiş ola biləcəyi bildirilib. Həmçinin bəzi minaların GPS vasitəsilə uzaqdan idarə edilə bildiyi və bunun aşkarlanmanı çətinləşdirdiyi vurğulanıb.
Pentaqon isə “Vashington Post”un sorğularına cavab verməyib.
ABŞ və İsrailin 28 fevralda İrana qarşı başladığı hücumlardan sonra genişlənən münaqişə 8 aprel tarixində ABŞ və İran arasında elan edilən iki həftəlik atəşkəslə müvəqqəti dayandırılmışdı.
Daha sonra 11 aprel tarixində Pakistanın vasitəçiliyi ilə İslamabadda aparılan danışıqlar nəticəsiz başa çatmışdı.
ABŞ Prezidenti Donald Tramp isə Pakistanın da müraciətindən sonra atəşkəsi uzatdıqlarını açıqlamış və İranla danışıqların nəticəsinə qədər hərbi hazırlığın davam edəcəyini bildirmişdi.























